“Həm çar, həm də sovet dönəmində etdiyi cinayətlərə görə Rusiya məsuliyyət daşımalıdır”

15.04.2014

Sərdar Cəlaloğlu: "Keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan Rusiyanı məhkəməyə verməlidir” “Rusiya BMT-dəki veto hüququndan məhrum edilməlidir” “Rusiya təcavüzkar siyasətini davam etdirərsə, bundan ən çox özü ziyan çəkəcək” “Azərbaycan və Türkiyə hərbi səylərini birləşdirərsə, Rusiyanın qarşısında ciddi güc qoya bilər”
ADP sədri Sərdar Cəlaloğlu Kremlin işğalçılıq siyasəti və Azərbaycanın sərgiləməli olduğu mövqe ilə bağlı “Hürriyyət” qəzetinə açıqlama verib. Moderator.az həmin müsahibəni oxuculara təqdim edir.
- Sərdar bəy, Krım böhranından sonra Rusiyanın işğalçılıq siyasətini davam etdirəcəyi,  br sıra ölkələri, o cümlədən Azərbaycanı da hədəf alacağı iddia olunur. Necə hesab edirsiniz, Azərbaycan üçün Rusiya təhlükəsi həqiqətənmi bu qədər realdır?

- Xeyr, mən belə hesab eləmirəm. Əslinə baxanda görünür ki, bu gün Rusiya və Kremlin siyasəti ilə bağlı səslənən fikirlərin böyük əksəriyyəti soyuq müharibə ruhundadır. Bunlar Rusiyaya qarşı təbliğat xarakteri daşıyır. Rusiyaya qarşı ictimai rəyi hazırlamaq, bütün dövlətləri özünümüdafiə vəziyyətinə gətirmək, Rusiyaya qarşı geniş bir cəbhə yaratmaq və s. başlıca məqsəddir. Təbii ki, bütün bunlarda Rusiyanın özünün də günahı var. Rusiya Ukrayna torpağını işğal edib. Ukraynanın suveren hüquqlarının təminatına, Ukrayna xalqının seçiminə imkan vemək istəmir. Bu baxımdan Rusiyanın özü anti-Rusiya cəbhəsinin formalaşmasına əsas verib. Rusiyanın İsveçə hücum edəcəyi, Finlandiyanı geri qaytaracağı, Alyaskanı alacağı və s. ilə bağlı fikirlər səsləndirilir. Halbuki, Rusiya bu gün təqdim edildiyi qədər də nəhəng və böyük bir dövlət deyil.  Doğrudur, o vaxtiylə güclü dövlət olub, imperiya yaradıb. Lakin bu öz ərazilərinin genişliyinə, resurslarının bolluğuna, əhalinin sayının çoxluğuna əsaslanıb. II Dünya müharibəsində Rusiyanın qalib gəldiyini bildirirlər. Ruslar necə qalib gəldi ki, almanlar dünya ilə mübarizədə 5 milyon adam itirdi, SSRİ isə yalnız almanlarla mübarizədə 50 milyon itki verdi? Hansı ki, almanlar daha geniş cəbhədə, daha çox ölkə ilə müharibə aparırdı və onlar həm Avropanı tutdular, həm də Afrika və Asiyada geniş işğallar həyata keçridilər. Əgər müttəfiqlər SSRİ-yə kömək etməsəydi, bəlkə də bu itki 100 milyon nəfər olacaqdı. Rusiyanın bu qələbəsi əslində ayı qələbəsidir. SSRİ-nin az qala yarısı işğal edildi, əhalinin böyük bir qismi məhv oldu. Almanlar o qədər geniş əraziləri işğal etdilər ki, o əraziləri nəzarətdə saxlamaq mükün olmadı. Yəni Almaniyanın resursu ilə işğalların miqyası arasında böyük fərq yarandı və nəticədə almanlar məğlub oldu. Ruslar II Dünya müharibəsini öz qələbələri kimi qələmə verirlər. Lakin unudurlar ki, bu qələbəni yalınız Rusiya yox, keçmiş sovet xalqları əldə edib. Azərbaycan kimi balaca bir respublika II Dünya müharəbəsində yüz minlərlə, ukraynalılar bir neçə milyon itki verib. Bunların hamısı rusların adına yazılıb və indi onlarda belə bir təsəvvür var ki, guya onlar qəhrmandırlar, haranı istəsələr ala bilərlər və s. Azərbaycanın tarixinə nəzər salın. Şah Qacar öldürülənə qədər ruslar Qafqaza baxmağa belə qorxurdular. Hətta Abbas Mirzənin gəlişini eşidən ruslar Qarabağ və İrəvan xanlığı ərazilərindən qaçıb getmişdilər. Yalnız Şah Qacar xəyanətlə öldürüləndən sonra ruslar Qafqazın işğalı haqqında düşünməyə başladılar və öz niyyətlərinə nail oldular. Nadir şahın özü Şimali Qafqazı tutmuşdu və bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Bu gün Rusiyanın özü işğal olunmuş ərazilərdən ibarət bir dövlətdir. Faktiki olaraq rusların özünə məxsus olan torpaqlar onlara sadəcə Ukrayna boyda dövlət yaratmağa imkan verir. Yerdə qalan torpaqlar işğal olunuş ərazilərdən ibarətdir. Müasir dövrdə isə hər bir dövlət işğal edilmiş ərazilərini geri qaytarır. Kuril adaları Yaponiyanın, Domans Çinindir. Krım isə Ukraynanındır. Rusiya öz təcavüzkar siyasətini davam etdirərsə, o zaman bundan ən çox özü ziyan çəkəcək.

- Rusiyanın iqtisadi baxımdan geniş işğalçılıq müharibələri aparacaq potensiala malik olmadığı iddia olunur. Sizcə doğrudanmı iqtisadi amil bu kimi müharibələr üçün həlledicidir?


- Şübhəsiz ki, müharibə aparmaq üçün iqtisadi güc lazımdır. Krım hadisələri nəticəsində Rusiya 170 milyarddan artıq uduzub və bu proses davam edəcək. Çünki hələ Rusiyaya qarşı əsas sanksiyalar işə düşməyib. Müharibə başlayacağı təqdirdə Rusiya bir tərəfdən iqtisadi sanksiyalkara məruz qalacaq, digər tərəfdən dünyanın birləşmiş gücü ilə qarşılaşacaq. Qərb də, keçmiş sovet respublikaları da Rusiyaya qarşı cəbhə alacaq. Təbii ki, belə olacağı təqdirdə Rusiya məhv olacaq.

- Putinin məlum siyasəti Rusiyanın daxilindəki qeyri-rus xalqları da hərəkətə gətirə, onların milli-azadlıq mübarizəsinin açıq müstəviyə keçməsinə səbəb ola bilərmi?

- Təbii ki, bu da mümkündür. Rusiyanın öz daxilində gec partlayan çoxlu minalar mövcuddur. Bu minalardan biri Rusiyanın tərkibində olan və müstəqilliyə can atan respublikalardır. Hansı ki, onlar dəfələrlə azadlığa nail olmaq üçün addımlar atıblar və ruslar hər dəfə onların bu addımlarının qarşısını alıb. Bu respublikalara misal olaraq Ural, başqırd, Şimali Qafqaz xalqları, yaqutiyalıları və s. göstərmək olar. Ruslar bu məsələdə beynəlxalq ictimaiyyətin susqunluğundan da istifadə edib onların bu isətklərinin qarşısını alıblar. Ruslar çeçenlərin öhdəsindən 20 ilə gələ bilmədilər. Avropa bu məsələdə ruslara dəstək verməsəydi, ruslar bu problemin öhdəsindn gələ bilməyəcək, onu nəzaərətə götürə bilməyəcəkdi. Bu gün də Şimali Qafqazda və Çeçenistanda Rusiyanın qanunaları işləmir. Onlar formal olaraq Rusiyanın tabeçiliyində olsalar da Rusiyanın qanunları ilə idarə olunmurlar. Onlarda şəriət qanunları, digər qanunlar işləyir. Ramzan Kadırovun özü Putin kimi bir adamdır. Çeçenistanda Putinin avtoriteti yoxdur. Əgər beynəlxalq ictimaiyyət çeçenlərə dəstək versəydi, bu bir milyonluq xalq rusların başına daha böyük oyunlar gətirərdi. Bu gün beynəlxalq ictimaiyyət Kazan tatarlarına dəstək versə, görün nə hadisələr baş verər. Tatarlar müstəqillik arzusunda olan və buna haqları çatan xalqdır. Onlar Qızıl Ordanın varisləridir. Onlar ayrıca mədəniyyətə, dilə və dinə mənsubdurlar. Onlar ruslardan qat-qat inkişaf etmiş xalqdır. Rusların general, marşal və Nobel mükafatı alan alimlərinin böyük əksəriyyəti mənşəcə tatardır. Tatarlar bu qədər yüksək səviyyədəə inkişaf etsələr də, onlar özlərindən daha aşağı səviyyəli xalqın əsarəti altındadırlar. Indi dünya ictimaiyyəti taralara dəstək versə, Rusiyada nə baş verəcək? Bu baxımdan hesab edirəm ki, Rusiya təhlükəsi müəyyən mərhəldə süni surətdə şişirdilən bir təhlükədir və bu, bütün dövlətləri Rusiyaya qarşı qaldırmaq məqsədi güdür. Amma təbii ki, Rusiyada Jirnovski kimi düşünən insanlar da, Putin kimi öz hakimiyyətini avantüra ilə uzatmağa çalışan, korrupsiya və sosial problemlərdən xalqın diqqətini digər məsələlərə yönəltmək istəyən qüvvələr də var. Bu qüvvələr müəyyən təxribatlar edə bilərlər. Amma mən düşünmürəm ki, Rusiya Azərbaycanı işğal edə bilər. Doğrudur, Azrbaycanın suverenliyinə təzyiq göstərir, onun müstəqil addımlar atmasına imkan vermir, Avropaya inteqrasiya məsələsində maneə rolu oynayır. Amma bu o demək deyil ki, Rusiya geniş işğallar həyata keçirməyə qadirdir.

- Sizcə Rusiya təhlükəsi reallaşarsa, Azərbaycan Ukraynadan fərqli olaraq ciddi bir dirəniş sərgiləyə bilərmi?

- Putin bu yaxınlardakı çıxışlarının birində bildirdi ki, Suriyada vuruşan azərbaycanlı terroristlər yəqin ki, Rusiyaya gələcək. Bu özü Putinin proseslərdən ehtiyat etdiyini göstərir. Hələ ki, Azərbaycana qarşı Rusiya ciddi bir addım atmayıb. Əgər hansısa hərəkət etsə, bunun cavabını da alacaq. Bugünkü Azərbaycan əvvəlki Azərbaycan deyil. Requlyar ordudan fərqli şəkildə döyüşmək istəyən insanlar var. Onların arasında terrorla məşğul olan, partizan müharibəsi aparmaq istəyən qüvvələr var ki, bu qüvvələr həm Ukraynada, həm Azərbaycanda və  s. fəaliyyətə başlasa, rus dövlətinin özü məhv olacaq. Bunu Rusiyanın özündə də çox yaxşı başa düşən adamlar var. Buna görə də rus mətbuatının özündə Putinin apardığı siyasət səbəbi ilə Rusiyanın parçalanacağı iddia edən məqələlər çap olunur. Rusiyanı cilovlamaq üçün indi ortaya qoyulan səylər kifayət deyil. Məsələn, Avropa Şurasında Rusiyanın səs hüququndan məhrum edilməsi yaxşıdır, amma BMT-də Rusiyanın veto hüququ qalır. Nə üçün Rusiyaya veto hüququ verilməlidir? Rusiya Hindistandan balaca dövlətdir. Hindistanın 1 milyard əhalisi var, amma veto hüququ yoxdur. Rusiyanın isə 150-160 milyon əhalisi var, lakin veto hüququ mövcuddur. Rusiya veto hüququnu o vaxt ona görə almışdı ki, Almaniya üzərində qələbə çalan 4 dövlətdən biri idi. Rusiya həmin vaxt həm SSRİ-ni, həm də Şərqi Avropanı təmsil edirdi. Bu gün nə Rusiya nəzarətindəki Şərqi Avropa ölkələri, nə də SSRİ var. Bunların hamısı BMT-də müstəqil surətdə təmsil olunur. Biz hesab edirik ki, Rusiya hökmən veto hüququndan məhrum edilməlidir.

- Rusiyaya qarşı daha hansı cəzalandırıcı addımlar atmağı zəruri hesab edirsiniz?


- Keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan Rusiyanı məhkəməyə verməlidir. Çar Rusiyası və sovet dönmində digər xalqlara qarşı apardığı genosid siyasətinə görə, bu addımın atılması vacibdir. Necə ki, ermənilər Osmanlı dövründə baş verdiyi iddia olunan qondarma genosidə görə müasir Türkiyəni məhkəməyə veriblər. Belədirsə, o zaman nə üçün biz sovet dönəmində törətdiyi cinayətlərə görə Rusiyanı beynəlxalq məhkəməyə verməyək? Sadəcə 1937-ci ildə 75 min azərbaycanlı ziyalı məhv edilib. Kolxozlaşma dövründə bir milyona yaxın insan güllələnib. Mədəniyyətimiz talan edilib. Dinimiz yasaq olunub. Azərbaycanın torpaqları parçalanılb. Dərbənd bu gün də Rusiyanın tərkibindədir. Torpaqlarımızın bir hissəsini Gürcüstana, bir hissəsini isə Ermənistana veriblər. Ukraynada 1930-cu illərdə insanlar acından öz uşaqlarını kəsib yeyiblər. Bu xalqlar nə üçün Rusiyanı məhkəməyə verməməlidir? Bu gün Ukrayna, Azərbaycan, Gürcüstan və s. ölkələr Rusiyanı məhkəməyə verməlidir. Rusiya mühakimə olunmadığı üçün haqlı tərəf kimi çıxış edir. Halbuki, Rusiya çox böyük bəşəri cinayətlərə yol verib. Həm çar, həm də sovet dönəmində bu cür cinayətlər baş verib. Varislik prinsipi əsasında həm çar, həm də sovet dönəmində baş verən cinayətlərə görə Rusiya məsuliyyət daşımalıdır. Rusiya həm də sovet dönmində Şərqi Avropa xalqlarına qarşı aparılan siyasətə görə cavab verməlidir. 30-cu illərdə ruslar Azərbaycanın Cavid, Müşfiq, Almas İldırım, Əhməd Cavad və s. kimi şəxsiyyətlərini təzyiqlərə məruz qoydu, onların böyük əksəriyyətini güllələdi. Çoxlu sayda akademiklərimizi, almlərimizi güllələyiblər. Milli məfkurə daşıyıcılarını məhv ediblər. Ərazimizi işğal edib xalqımızı deportasiya ediblər. Milli mühitimizə qəsd ediblər. Buna görə də Rusiyanın məsuliyyətə cəlb edilməsi vacibdir. Bu gün Rusiya SSRİ-ni başqa ad alında bərpa etməyə çalışır. Halbuki, o əvvəlcə SSRİ dönəmində törətdiyi cinayətlərə görə cavab verməlidir. Cinayətkar rejimi necə, hansı məntiqlə bərpa edə bilərsən? Lenin çar Rusiyasını xalqlar həbsxanası adlandırırıdı, lakin sovet dönəmində bütün SSRİ özü boyda konslagerə çevrildi. Elə bir vəziyyət yaranmışdı ki, bu rayondan o rayona getmək mümkün deyildi. Naxçıvandan harasa gedəndə 50 dənə arayış almalı olurduq, yoxsa arayışı olmayan şəxsləri sərhədçilər casus şübhəsi ilə sorğu-suala cəlb edirdi. Sovet hökumətinin mahiyyəti bundan ibarətdir. Indi sovet dönəmində qəndin kilosunun 1 manat olduğunu iddia edən, bunun xiffətini çəkən insanlar bunu dərk etməldir. Uzunqulağın qarşısına qoyulan arpa çoxdursa, bu o demək deyil ki, o, belindəki yükü unutmalıdır. SSRİ-də ərzaq məhsullarının qiymətinin ucuz olmasının öz səbəbləri mövcud olub. Stalinin belə bir məşhur ifadəsi mövcud idi. O deyirdi ki, insan yoxdursa, problem də yoxdur. Qiymətlər qalxan zaman SSRİ hansı addımları atırdı? Onlar iqtisadiyyatı inkişaf etdirmirdilər. Dərhal insanları kütləvi şəkildə qırırdılar. Yaınız 70-ci illərdə SSRİ Helsinki aktına qoşulandan, ATƏT üzvü olandan sonra SSRİ ərazisində insna hüquq və azadlıqlarının qorunması prosesi başladı. Xuruşov dövrünə qədərki siyasət aparılmadı və bu səbəbdən də SSRİ çökdü. Çünki SSRİ-nin iqtisadi sistemi iqtisadi qanunlara uyğun deyildi. Qəndin kilosunun 1 manat oplmasının həsrətini çəkən insanlar bilməlidirlər ki, onlar sovet vaxtı ona görə qəndin bir kilosunu bir manata alırdılar ki, güllələnən on minlərlə insanın heç nəyə, o cümlədən də qəndə ehtiyacı olmurdu. Qənd, habelə digər ərzaq məhsulları buna görə ucuz idi.

- Azərbaycan hakimiyyətinin Rusiyaya qarşı bunca qətiyyətli və cəsarətli addım atacağına inanırsınızmı?

- Hesab edirəm ki, artıq Azərbaycan hakimiyyəti müxalifətin də gözləntilərinə uyğun addımlar atır. Biz bunu alqışlayırıq. Bu siyasətlə bağlı Azərbaycan iqtidarına qarşı ola biləcək hər hansı təzyiqlə bağlı iqtidarın yanında durmağa, onu müdafiə etməyə hazırıq. BMT-də Rusiya əleyhinə səs verən dövlətlərdən biri də Azərbaycan idi. Hansı ki, Rusiyanın onun lehinə səs verməyən dövlətləri hədələdiyi bizə məlumdur. Avropa Şurasında Rusiyanın səs hüququndan məhrum edilməsi məsələsindəki mövqeyi də buna nümunədir. Bundan sonra beynəlxalq aləmin Rusiyaya qarşı atacağı addımlarda Azərbaycan da aktiv şəkildə iştirak etməlidir. Habelə, Azərbaycan Avropa Birliyi və NATO-dan atdığı adımlar səbəbi ilə yaranan yeni situasiyaya uyğun dəstək almağı bacarmalıdır. Inteqrasiya istiqamətində də konkret addımlar atılmalıdır. NATO ilə daha sıx əməkdaşlıq etməliyik. Avropa Birliyi ilə daha sıx əlaqə saxlamalıyıq ki, Rusiyanın gözlənilən təhlükəsini dəf edə bilək. Eyni zamanda Azərbaycan iqtidarı islam dünyası ilə aktiv diplomatik iş apamalıdır. Biz İlham Əliyevin İrana səfərini alqışlayırıq. Amma bu kifayət deyil. Azərbaycan Rusiya tərəfindən reallaşması gözlənilən nəzəri təhlükə ilə bağlı bütün islam dünyasını ayağa qaldırmalıdır. Biz özümüzü bütövlükdə dünya ailəsi vasitəsi ilə müdafiə eləməliyik. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar kifayət qədər qətiyyətlidir.


- Ukrayna olayları göstərdi ki, bu ölkədə rusların həm də güclü sosial bazası var. Azərbaycanda necə, Rusiyanın çağırışına cavab verəcək belə bir sosial baza mövcuddurmu?

- Xeyr. Əslində Ukraynada da belə bir baza yoxdur. Azərbaycanda tez-tez hakimiyyətdə ruspərəst qüvvələrin təmsil olunduğu ilə bağlı fikirlər səslənir. Əslində ruspərəst qüvvələrin məqsədi ölkəni müstəqillikdən və suverenlikdən saxlamaqdır. Necə ki, Ukraynada Yanukoviç buna nümunədir. Yanukoviç həm ordunu məhv edib, həm də Ukrayna iqtisadiyyatını sıradan çıxardıb. Bu gün də hamı təəccüblənir ki, nə üçün Krımda Ukrayna ordusu müqavimət göstərmədi. Ona görə göstərmədi ki, ordu o dərəcədə korrupsiyaya uğrayıb ki, hərbi hazırlıq o qədər zəifdir ki, bunu həyata keçirmək mümkün olmadı. Ukraynada indi-indi könüllülərdən ibarət dəstələr formalaşır ki, bu dəstələrdən ruslara qarşı istifadə olunur. Ukraynada prezident həqiqətən də müstəqil, milli maraqları düşünən biri olsaydı, o zaman rus ordusuna qarşı ciddi müqavimət ortaya qoyardı. Ukraynalılar döyüşkən xalqdır. Həm çar, həm də sovet dönəmində ordunun çox hissəsi, həmçinin rəhbərliyi ukraynalılardan ibarət olub. Lakin bu gün həmin ukraynalılar özlərini qorumaq iqtidarında deyillər. Bunun özü də göstərir ki, bir ölkədə ruspərəst qüvvələrin mövcudluğu həmin ölkələr üçün çox böyük bir təhlükədir. Ukraynanın zəifliyi, onun Rusiya önündə bu vəziyyətə düşməsi məhz Yanukoviçlə bağlıdır. Yanukoviç prezident olduğu dönəmdə ölkənin güc orqanlarını məqsədli şəkildə zəiflətmişdi. Ukraynanın təhlükəsizlik xidmətinin başında duran şəxs Rusiyanın casusu çıxdı. DİN və Müdafiə Nazirliyi rəhbərliyində də bu cür şəxslərin mövcudluğu aşkarlandı.

- Sizcə Azərbaycan iqtisadiyyatı və ordusu Ukraynadan daha yaxşıdır?

- Hesab edirəm ki, Azərbaycan Ukraynadan nisbətən yaxşı vəziyyətdədir. Bizim Türkiyə ilə hərbi əməkdaşlıq müqaviləmiz var. Azərbaycan ordusunun formalaşmasında türk mütəxəssislər yaxından iştirak edir. Azərbaycan ordusu NATO ilə əməkdqaşlıq edir və müxtəlif əməliyyatlarda iştirak edirlər. Bu baxımdan Azərbaycan ordusunun səviyyəsi Ukrayna ordusundan çox-çox yüksəkdir. Doğrudur, biz Ukrayna qədər böyük deyilik, ordumuzun sayı da bu qədər çox deyil. Amma ordunun səviyyəsi Ukrayna ordusundan üstündür. Azərbaycanın hərbi-sənaye sektoru var və inkişaf edir. Azərbaycan ordusu mütəmadi olaraq yeni texnika ilə təchiz olunur. Ukraynada bunlar yoxdur. Ukrayna ordusunda sovet dönəmindən qalma terxnikadan istifadə edilir və demək olar ki, heç bir ciddi yenilik yoxdur. Əsgərlərədə döyüş ruhu yoxdur. Bu baxımdan da biz Ukraynadan çox-çox qabağıq. Bu yaxınlarda Türkiyənin qərargah rəisi Azərbaycana səfər etmişdi. Bu səfər Azərbaycan ordusunun türk ordusu ilə qardaş olması ilə bağlı bir mesajdır. Yəni Azərbaycana qarşı hər hansı bir addım atılarsa, biz türk ordusunun yanımızda görəcəyik. Buna bizim mənəvi haqqımız var. Tarixdə də hər zaman belə olub və Azərbaycan çətinə düşəndə türklər bizim yanımızda olub. Zənnimcə, Rusiya bunu da nəzərə alıb başa düşür ki, biz Türkiyə ilə bir orduyuq. Ruslar özləri də etiraf edir ki, Türkiyə dəniz qüvvələri Rusiyanın dəniz qüvvələrindən təxminən 5 dəfə güclüdür. Azərbaycan və Türkiyə hərbi səylərini birləşdirərsə, o zaman Rusiyanın qarşısında ciddi güc qoya bilər. Türkiynin NATO üzvü olduğunu nəzər alsaq, NATO –nun da bu məsələdə öz dəstəyini əsirgəməyəcəyini iddia etmək olar.

Printer »»»