QARABAĞ BLOKU RUSİYANIN BMT-DƏ VETO HÜQUQUNUN LƏĞV OLUNMASINI TƏLƏB EDİR

12.03.2014

Bu gün ADP-nin Mərkəzi Qərargahında ADP sədri Sərdar Cəlaloğlunun sədrliyi ilə Qarabağ Blokun növbəti toplantısı keçirilib. Toplantıda ilk öncə ötən iclasda qəbul edilmiş qərarların icrası ilə bağlı məruzə dinlənilib. Qərarların icrası qənaətbəxş hesab edilib. İkinci məsələ kimi, dünyada və ölkədə baş verən ictimai-siyasi məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə ilk öncə Ukraynada baş verən son hadisələr müzakirə predmeti olub. Toplantı iştirakçıları Ukraynada baş verən hadisələrə ilkin olaraq hüquqi qiymətin verilməsinin zəruriliyini qeyd ediblər. Blok iştirakçıları hesab edib ki, Ukrayna unitar dövlət olduğundan onun tərkibində hər hansı bir muxtar qurumun öz müqəddaratını təyin etmək hüququ Ukrayna Konstitusiyası və beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir.
Toplantı iştirakçıları Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətini Rus dövlətinin ənənəvi siyasəti kimi dəyərləndirib və hesab edib ki, Rusiya dövləti işğalçı dövlət kimi tanınmalı və işğalın nəticələri aradan qaldırılmalıdır. Eyni zamanda qeyd edilib ki, Rusiya işğalçılıq siyasəti ilə BMT-nin Təhlükəsizlik Şurasındakı veto hüququnun olmasına mənəvi haqqını itirib. 

Qarabağ Bloku BMT-ni Rusiyanın Ukrayna ilə bağlı siyasəti və bundan əvvəl Yaponiyanın Kuril adalarını, Moldovanın Dnestyanı ərazilərini, Çinin Damask adasını, Almaniyanın Kinesberq (Kalininqrad) şəhərini, Finlandiyanın Komi yarımadasını, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərini beynəlxalq hüquqa zidd olaraq işğal altında saxladığından, beynəlxalq sülh və əməkdaşlığa təhlükə yaradan siyasət apardığından, ardıcıl olaraq beynəlxalq hüquq normalarını pozduğundan Rusiyanın Təhlükəsizlik Şurasındakı veto hüquqlu üzvlüyündən məhrum edilməsi məsələsinə baxmasına çağırıb.
Blok iştirakçıları hesab edib ki, əgər Rusiya doğrudan da başqa dövlətlərin, xüsusən unitar dövlətlərin tərkibində olan muxtar qurumların öz müqəddaratını təyin etmək hüququna səmimi yanaşırsa, ilk öncə federativ dövlət olaraq öz ərazilərində olan bu tipli  qurumların öz müqəddaratını təyin etmək hüququna hörmətlə yanaşmalıdır.
Müzakirələr zamanı qeyd edilib ki, postsovet məkanında demokratikləşmə prosesinin qarşısında başlıca əngəl Rusiyadır, bu məkana daxil olan digər dövlətlər demokratiya seçimi etdiyi təqdirdə Rusiya tərəfindən analoji təzyiqlərə məruz qalacaq. 
Qarabağ Bloku Ukraynada Rusiyanın birbaşa və dolayı iştirakı ilə baş verənləri Ukraynanın siyasi seçimi - Qərbə və Avropa məkanına inteqrasiya istəyi ilə bağlı olduğuna, eyni zamanda Rusiyanın Ukraynaya qarşı hərbi, siyasi, iqtisadi təhdidlərinin Ukrayna xalqının öz siyasi seçimindən imtina etməyə gətirib çıxarmayacağına əminliyini bildirib. 
Qarabağ Bloku hesab edib ki, Rusiya Suriyadakı siyasətini Ukraynada davam etdirmək istəyir. Rusiyanın Suriyadakı siyasəti kütləvi insan tələfatına və dağıntılara səbəb olduğundan onun bu siyasətini Ukrayna ərazisində davam etdirməsi analoji hadisələrin həm Ukraynada, həm də bölgədə yaranmasına gətirib çıxarar ki, bunun da məsuliyyətini birbaşa Rusiya dövləti daşımalıdır.
Toplantı iştirakçıları, ölkə daxilində baş verən hadisələr sırasında “Sovetski”adlanan ərazidə aparılan söküntülərə etiraz əlaməti olaraq keçirilən aksiyalarda vətəndaşlara qarşı həbslərin və zorakılıqların həyata keçirilməsi məsələsini müzakirə edib, həmin aksiyalar zamanı həbslər, zorakılıqlar, inzibati üsullarla insanların narazılığının qarşısının alınması qətiyyətlə pislənilib və hakimiyyət orqanlarını sosial problemlərlə bağlı keçirilən aksiyalara dözümlü yanaşmağa, həmin aksiyada iştirak etdiyinə görə həbsə atılan insanların dərhal azad olunmasına çağırıb.
Toplantıda son zamanlar bəzi məmur övladlarının qanuna zidd əməlləri ilə bağlı mətbuat orqanlarına sızan məlumatlar müzakirə olunub, bu faktların həmin məmurların korrupsiyaya bulaşdığının təsdiqi kimi dəyərləndirilib və müvafiq dövlət orqanları həmin məmurlar haqqında ölçü götürməyə çağırılıb.
Sonda bir sıra cari məsələlərə də baxılıb.

Printer »»»