ADP-dən Zəminə Dünyamalıyevaya sərt cavab

18.11.2013

Taliyyət Əliyev: “Bacarığı, potensialı olmayan insanlar təsis etdikləri partiyanı irəli apara bilməz, ACP-nin təsisindən sonrakı vəziyyəti buna misaldır...”
“Azərbaycan Demokrat Partiyasını yaratdıq verdik məlum şəxslərə, Açıq Cəmiyyət Partiyasını təsis etdik, indi ondan müsavatçılar bəhrələnir. Müsavat Partiyasında bir iş görə bilməyənlər ACP-də məqam sahibi oldular. İndi nə yaradaq, siz deyin”. 
Bunu aznews.az-a açıqlamasında ACP Ali Məclisinin sədri vəzifəsindən bir müddət əvvəl istefa vermiş Zəminə Dünyamalıyeva deyib. Z. Dünyamalıyeva bildirib ki, hazırda müxalifət düşərgəsində təmsil olunan bir neçə qurumun təsis olunmasında, yaxud da inkişafında onun və həmfikirlərinin böyük əməyi olub. Sonradan isə bu qurumlardan başqaları bəhrələnib:
“Adını çəkdiyim və çəkmədiyim qurumları biz yaratdıq, başqaları isə bundan qazanc götürdü. Bu, həqiqətdir. Artıq bizim tərəfimizdən əlavə qurumun yaradılmasına lüzum görmürəm. Məncə, başqaları üçün çalışmağa ehtiyac yoxdur”. 
Zəminə Dünyamalıyevanın açıqlaması ADP rəhbərliyinin etirazı ilə qarşılanıb. ADP sədrinin müavini Taliyyət Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Z.Dünyamalıyevanın fikirləri gülüş doğurur. Çünki ADP 1991-ci ildə Naxçıvanda təsis olunub və Azərbaycan siyasətində özünü təsdiq eləyən 3-4 partiyadan birinə çevrilib. Zəminə xanım isə 1998-ci ildən sonra ADP-yə gəlib: “Yəni Zəminə xanıma qədər ADP-nin 7 illik tarixi var. Bu müddət ərzində ADP təşkilatlanmışdı, regional partiyadan ümumrespublika partiyasına çevrilmişdi. Zəminə Dünyamalıyeva, Rəsul Quliyev və tərəfdarları kifayət qədər gücə, nüfuza malik ADP-yə üzv gəlmişdi. İndi ADP-ni onların yaratdığını deməsi məntiqsiz və gülünc görünür. Onların heç biri Demokrat Partiyasının yaradıcısı, təsisçisi olmayıb. 1998-ci ildən sonra Rəsul Quliyevin tərəfdarları ADP-yə gələndə partiyanın üzvləri çoxalıb. Bunu etiraf edirik. 2007-ci ildə Rəsul Quliyev öz tərəfdarları ilə ADP-dən çıxıb getdi və Açıq Cəmiyyət Partiyasını yaratdı. Zəminə Dünyamalıyevanın ACP ilə bağlı dediyində müəyyən həqiqət yükü var. Çünki ACP-ni Rəsul Quliyevin başçılığı ilə onlar yaratdılar”.
T.Əliyev onu da dedi ki, R.Quliyev, Z.Dünyamalıyeva və digərləri təsis etdikləri ACP-ni ölkənin tanınmış partiyasına çevirə bilmədilər. Bu partiya cəmiyyətdə Sülhəddin Əkbər ona sədr gələndən sonra tanınmağa başladı: “Partiya yaratma və onu irəli aparmaq hər insanın bacaracağı iş deyil. Partiyanı təsis etməklə iş bitmir. Əsas məsələ onu təşkilatlandırmaq, irəli aparmaq, cəmiyyətdə tanıtmaqdır. Bunu hər adam bacarmır. Bu bacarıq, potensialı olmayan insanlar təsis etdikləri partiyanı irəli apara bilməz. ACP-nin təsisindən sonrakı vəziyyəti buna misaldır. Sülhəddin Əkbər sədr gələnə qədər Azərbaycan cəmiyyətində ACP adlı partiyanın olub-olmadığı bəlli deyildi. ACP yeni yarananda Akif Şahbazov sədr kimi müəyyən qədər iş görə bilirdi. Onu da Zəminə xanım, Rəsul Quliyev və başqaları bezikdirdilər, çıxıb getdi. O gedəndən sonra faktiki olaraq ACP ölü quruma çevrildi. Sülhəddin Əkbər isə faktiki olaraq adı olan, özü olmayan ölü bir təşkilata sədr gəldi. Sülhəddin bəyin gəlişindən sonra ACP canlandı. Burada kimsə iddia edə bilməz ki, bu partiyanı mən yaratdım, indiki vəziyyətə gətirdim. 
Bəzi adamların potensialı özlərini təsdiq edə bilməyə yetmədiyi üçün çıxıb gedirlər. Sonra isə deyirlər ki, filan partiyanı biz təsis etdik. Partiyanı istənilən adam bir bəyanatla təsis edər. Ancaq bu partiyanı həqiqətən yaratmaq və siyasi səhnəyə çıxarmaq insanda təşkilati, siyasi bacarıq, iradə tələb edir. Bu isə çox insanlarda yoxdur. Belə insanlar özlərini təsdiq edə bilməyəndə “filan partiyanı biz təsis etdik” kimi bəyanatlar verirlər. Adama deyərlər ki, bacarığın var idisə yaratdığın partiyanı özün irəli aparaydın və əlindən almayaydılar".

Printer »»»