ADP MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ XALQI TƏBRİK ETDİ

18.10.2013

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu xalqımızı müstəqillik günü münasibəti ilə təbrik edib. Təbrik mətnində deyilir:
“Əziz soydaşlarım!
Dünyada yaşayan və müstəqil dövlətlərini qurmaq uğrunda uzunmüddətli mübarizə aparan xalqların yalnız bir hissəsinə öz dövlətlərini yaratmaq qismət olub. Azərbaycan xalqı ötən əsrdə ikinci dəfə öz müstəqilliyini elan etməklə, Azərbaycan Respublikasını qurdu və beləliklə də dünyanın dövlət yaratmış xalqların cərgəsində qərar tutdu. 

Dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsi xalqımızın tarixi  siyasi nailiyyətidir, indiki və gələcək nəsillər dövlət müstəqilliyini göz bəbəyi kimi qorumalı, dövlətimizi daim inkişaf etdirməli və dünyada layiqli yerlərdən birini tutması üçün var gücü ilə çalışmalıdırlar.
Təəssüf ki, müstəqilliyin 22-ci ilinin tamam olmasına baxmayaraq ölkədə lazım olan hüquqi, demokratik və iqtisadi islahatlar aparılmayıb və nəticədə xalqımızın böyük bir hissəsi xoşbəxt və firavan bir həyat yaşaya bilmir. Bu səbəbdən də bir çox vətəndaşlarımızda dövlətə bağlılıq, dövlət şüuru olduqca zəifdir və vətəndaşlarımızda öz dövlətini qoruma instikti hələ formalaşmayıb.
Əziz soydaşlarım!
Bütün qüsurlarına rəğmən müstəqil Azərbaycan Respublikası hamımızın iftixar və qürur mənbəyimiz, Müstəqillik günü isə ən böyük bayramımızdır. 
Bayramınız mübarək!”
Son günlər Rusiya Federasiyasında baş verən məlum hadisələrlə bağlı ADP bəyanat qəbul edib:
“ADP, Rusiyada adi bir cinayət hadisəsini siyasi qalmaqal və şouya döndərilməsini Putin hakimiyyətinin mahiyyətindən doğan ksenofobiya, başqa xalqlara qarşı düşmənçilik siyasətinin növbəti təzahürü kimi qiymətləndirir, cinayətdə şübhəli bilinən Azərbaycan vətəndaşına qarşı aşırı zor tətbiq edilməsini qətiyyətlə pisləyir  və Rus xalqının, onun görkəmli ziyalılarının bu səhnəni sakitçə seyr etməsindən təəssüfləndiyini bildirir. ADP bildirir ki, Rusiya öz qonşuları ilə təzyiq dilində danışmağa adət edib, lakin müasir dünyada artıq belə siyasətə yer olmamalıdır. Qonşularla münasibətlər beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmalı, insan hüquq və azadlıqları isə hamı tərəfindən qorunmalıdır.” deyə bəyanatda qeyd olunur.
Partiya həmçinin “Azərbaycan hakimiyyətini Rusiyada yaşayan vətəndaşlarımızın hüquqlarının qorunması istiqamətində ciddi fəaliyyət göstərməyə, ümumiyyətlə xaricdə çalışan həmvətənlərimizlə bağlı aparılan yarıtmaz fəaliyyətin təcili olaraq dəyişdirilməsinə çağırıb.”   

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov Azərbaycan rəsmiləri ilə ABŞ diplomatları arasındakı “soyuq savaş”ı xatırladan söz atışmasına münasibət bildirib. O deyib: “Baş verənlər - dövlət, diplomatiya prinsiplərinin pozulması, iki ölkə arasında ciddi qalmaqala yol aça bilən bir hadisədir. Strateji, iqtisadi və siyasi müttəfiqimiz olan Birləşmiş Ştatlarla “soyuq müharibə” dövrünü xatırladan ritorikanın hakim olduğu söz güləşməsindən ciddi narahatlıq keçiririk və münasibətlərin mümkün qədər tez bir zamanda normal məcraya düşməsini vacib hesab edirik. Azərbaycan rəsmilərini ölkənin beynəlxalq öhdəliklərinə qarşı diqqətli davranmağa, hakimiyyət maraqlarına görə dövlətin mənafelərinə zərər vurmamağa çağırırıq”     

Printer »»»