Sərdar Cəlaloğlunun hüquqi islahatlar KONSEPSİYASI

26.09.2013

Hüquqi islahatların hədəfi: 
Azərbaycanda “hüquqi dövlət” quruculuğuna nail olmaq. Hüquqi dövlət - qanunun hər şeydən üstün olduğu, rəhbərlik metodlarının legitimliyi, vətəndaş ləyaqətinin və hüququnun qorunduğu, qanunların və məhkəmə qərarlarının stabil olduğu, qanunverici orqanın icra orqanından uzaq olduğu, hamının qanun qarşısında bərabər olduğu dövlətdir.

Hüquqi islahatların məqsədləri: 
Azad dövlətdən (vətəndaşı ilə istədiyini etmək azadlığına malik dövlət) xidmətçi dövlət (vətəndaş qarşısında öhdəlikləri olan və onunla bərabər hüquqlu tərəfmüqabil olan dövlət) fəlsəfəsinə keçid. Respublikaçılığın və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi.
Dövlətin nüfuzunu qaldırmaq, uzunömürlülüyünü və stabilliyini təmin etmək, vətəndaşları məmur özbaşınalığından qorumaq, vətəndaş institutunu təkmilləşdirmək, vətəndaşları hakimiyyətin sanksiyalaşdırılmamış zorakılığından qorumaq, vətəndaşların istedad və qabiliyyətlərinin reallaşdırmasına sağlam mühit yaratmaq, hakimiyyət qollarının qarşılıqlı nəzarətini təmin etmək. Cəmiyyətdə hüquq və azadlıqların genişləndirilməsinə və reallaşmasına nail olmaq. Dövlət məcburetməsini minimuma endirmək. Dövlət idarəçiliyinin sadələşdirilməsi və ixtisara salınması. Vətəndaşları dövlət qarşısındakı öhdəliklərini yerinə yetirməyə həvəsləndirmək, onları xarici dövlətlərə xidmət etməkdən çəkindirmək, beynəlxalq öhdəlikləri yerinə yetirməklə Azərbaycanın Avroatlantika siyasi məkanına inteqrasiyasını təmin etmək.

Hüquqi islahatların istiqamətləri:

Azadlıqların genişləndirilməsi:

Vətəndaş azadlıqlarının prinsipi: 
“Vətəndaşlar cəmiyyət həyatında qanunla qadağan edilməmiş hər şeydə azaddırlar”.
Vətəndaşın öz güclərinə, qabiliyyətinə, mülkiyyətinə sərəncam vermək hüququnun möhkəmləndirilməsi;
Dövlətin vətəndaşın azadlıqlarına müdaxiləsinin qadağan olunması;
Dövlətin vətəndaşa vurduğu zərərin kompensasiyası. Vətəndaşlarda hüquqi şüurun formalaşdırılması;
Məmurların azadlığının prinsipi: 
“Dövlət məmurları öz vəzifələrində yalnız qanunla icazə verilmiş azadlıqlara malikdirlər”.
Məmurların vətəndaş hüquqlarının qanunla müəyyən edilməmiş qaydada müdaxiləsinin təqib olunması;
Məsuliyyətin müəyyənləşdirilməsi:
Məmurların məsuliyyət prinsipi “dövlət məmurlarının qeyri-qanuni əməllərinə görə vətəndaşlar məsuliyyət daşımır”. Vətəndaşların məmurların qeyri-qanuni hərəkətlərinə görə hər hansı ziyan vurulmasının qadağan edilməsi, dövlətin vətəndaşa vurduğu ziyanın dövlət tərəfindən kompensasiya edilməsi. Ziyanın məmurlar tərəfindən ödənilməsi;
Vətəndaşların məsuliyyət prinsipi: “vətəndaşlar məmurların qeyri-qanuni göstərişlərini yerinə yetirməyə borclu deyillər.”
Vətəndaşların məmur özbaşınalığından müdafiə edən effektli qanunların verilməsi;
Xalqın üsyan hüququnun etiraf edilməsi;
Vətəndaş etirazlarının qanunla himayə olunması;

Hüquqi dövlətə aparan hüquqi islahatlar:

Konstitusion rejim:
Konstitusion demokratiyanın tələblərinə uyğun yeni Konstitusiya qəbul etmək;
Konstitusiya ilə qanunverici orqanın icra orqanından uzaqlaşdırılması;
Real hakimiyyət bölgüsünü həyata keçirmək;
Qanunverici orqanın səlahiyyətlərini artırmaq;
Azərbaycan qanunlarını Konstitusiyaya uyğunlaşdırmaq. Qanunlarda konstitusion normaların məhdudlaşdırılmasının yolverilməzliyi; 
İcra orqanının qanunverici təşəbbüsünü məhdudlaşdırmaq;
Hüquqi ierarxiyanı tənzimləyən yeni normaları müəyyən etmək;
Dövlətin, vətəndaşın və cəmiyyətin bərabərliyinin konstitusion əsaslarının hazırlanması;
Azlıqla çoxluğun qanunla müəyyən edilmiş hüquqlarının tanınması;

Vətəndaşların ləyaqəninin və hüququnun qorunması:
Vətəndaş cəmiyyətinə keçid, dövlət vəzifələrin ixtisara salınması ilə səlahiyyətlərin qeyri-dövlət təşkilatlarına verilməsi;
Vətəndaşlarda ümumi və hüquq mədəniyyətinin səviyyəsinin yüksəldilməsi istiqamətində dövlət proqramının hazırlanması;
Vətəndaşın süverenliyi, vətəndaşın dövlətə münasibətdə prioritetliyi. Vətəndaşa münasibətdə dövlətin hüquqlarının məhdudlaşdırılması;
Vətəndaşın və cəmiyyətin iradəsini dövlət idarəçiliyinin əsasına qoyan qanunların hazırlanması; 
Qanunlara Konstitusiya və beynəlxalq öhdəliklərə zidd müddəaların salınmasını qadağan etmək;
Qanunvericilk təşəbbüslərində vətəndaş hüquq və azadlıqlarını məhdudlaşdırma təcrübəsindən konstitusion hüquqların genişləndirilməsi təcrübəsinə keçmək;
Qanunların reqlementasiyalarını təmin etmək;
Konstitusion hüquqların pozulmasına görə məsuliyyəti artırmaq;
Dövlət-vətəndaş münasibətlərində neqativ hüquq təcrübəsindən, pozitiv hüquq təcrübəsinə keçmək;
Hər cür imtiyazların və toxunulmazlıqların ləğvi;

Qanunların və məhkəmə qərarlarının stabilliyi:
Qanunların legitimləşdirilməsi, qanunvericilik təşəbbüsünün genişləndirilməsi, azlığın və cəmiyyətin rəyinin nəzərə alınması və referendum təcrübəsinin genişləndirilməsi və təkmilləşdirilməsi;
Qanunlarda boşluqların və ziddiyyətlərin ləğv edilməsi;
Qanunların Avropa qanunlarına uyğun standartlaşmasını təmin etmək;
Qanunların reqlementasiyasını gücləndirmək;
Vətəndaşlarda nizamlılıq, əxlaq, borc hissi, cavabdehlik şüuru, vətəndaşın və cəmiyyətin tənqidi özünüdərki, özünəhesabatlılıq, nizam adəti və özünü nizamlamaq, həqiqi vətəndaşlıq formalaşdırılmasına xidmət edən dövlət təbliğatı və təşviqatı proqramlarının hazırlanması;

Məhkəmə hakimiyyəti:
Hakimlərin ümumi hakimlər tərəfindən ömürlük seçilməsi, onların yüksək əmək haqları ilə təminatı, vəzifə cinayətlərinə görə məsuliyyətlərinin artırılması, hakimlərin təhlükəsizliyinə dövlət təminatı;
Dövlət ittihamçısı statusunun ləğvi, ittihamçı orqanla istintaq orqanlarının ayrılması;
Alternativ vəkillər kollegiyalarının yaradılması, hakim qarşısında ittihamçı ilə müdafiəçinin bərabərliyini təmin etmək;
Məhkəmə hökmlərinin yerinə yetirilməsində məsuliyətin gücləndirilməsi;

Siyasətə və hakimiyyətə sosial nəzarət:
İdarəetmənin şəffaflığı və müxtəlif nəzarət mexanizmlərinin rəsmiləşdirilməsi;
Müxalifət haqqında qanunun qəbulu və dövlət idrəçiliyində müxalifətin rolunun artırılması və reqlementasiyası;
Hakimiyyətin siyasi və vətəndaş cəmiyyəti qarşısında öhdəliklərin və cavabdehliyinin gücləndirilməsi;
Beynəlxalq öhdəliklərin icraya yönəldilməsi ilə bağlı qanunvericilik aktlarının hazırlanması;

Hakimiyyət sisteminin və siyasətin demokratikləşməsi:
Seçkili orqanların sayının artırılması və seçkilərin təşkilinin müstəqilliyinin təmin edilməsi;
Beynəlxalq təşkilatların rəylərinin, hesabatlarının qəbul edilməsi və onların iradlarının nəzərə alınması;
Beynəlxalq təşkilatlar qarşısında hesabatlılığın gücləndirilməsi;
Koalision idarəçiliyə keçidin hüquqi əsaslarının hazırlanması və reallaşdırılması;
Parlament fraksiyaçılığının inkişaf etdirilməsi; 
Azlığın hüquqlarının genişləndirilməsi;
Siyasi dialoq haqqında normativ aktların hazırlanması;
Dövlət siyasətində müxalifətlə siyasi dialoq təcrübəsinin genişləndirilməsi.

Printer »»»