İsa Qəmbər bilir ki, Milli Şura boş bir qurumdur

25.07.2013

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu söhbətində ölkədə baş verən siyasi proseslərdən, bu gedişata xarici ölkələrin təsirlərindən və daxili qüvvələrin siyasi maraqlarından danışdı. 
- Sərdar bəy, niyə Milli Şura sizi birliyə dəvət etmədi? 
- Milli Şura bizi ona görə qəbul etmir ki, Milyarderlər İttifaqı yarananda onlara qarşı ilk konkret mövqeni biz açıqladıq.
- Milli Şuranın gələcəyi ilə bağlı proqnozunuz nədir? 
- Milli Şura seçkiləri boykot edəcək. Bu qurumun dağılmasına hazırlıq gedir. Ora daxil olan qüvvələrin 4-ü yığışıb digər 3 partiya ilə birgə Demokratik Qüvvələr Birliyi yaradıb. İsa Qəmbəri ittiham edirlər ki, niyə İbrahimbəyova alternativsən. Amma özləri Milli Şuraya alternativ yaradıblar.
Bu onu göstərir ki, ora daxil olan qüvvələr Milli Şuranın heç bir perspektivi olmadığını anlayır. Ona görə də Milli Şura çökəndə istinad nöqtəsi hazırlayırlar. Haqqında danışdığımız qurum dağılan kimi İsa Qəmbər Əli Kərimli ilə İctimai Palatasına, qalanları da DQB-yə qayıdacaq. Əvvəl necə idilərsə, bir az sonra da elə olacaqlar. Eldar Namazovla Rüstəm İbrahimbəyov isə təsadüfi adamlar idi, yenə də öz yerlərinə qayıdacaqlar.
- Milli Şuranın dağılmasına nə səbəb ola bilər? 
- Rusiya açıq formada Azərbaycan suverenliyini təhdid edir. Bizi Misir, Suriya, İraq, Liviyanın aqibəti ilə hədələyir. Rusiya Azərbaycandan Avrasiya İttifaqına qoşulmasını istəyir. Hazırkı iqtidar isə dövlətin müstəqilliyini qorumaq üçün buna razı olmur. Rusiyanın təhdid gücü isə Milli Şura ilədir. Əgər hakimiyyət Rusiya ilə razılığa gəlsə, həmin gün Milli Şura dağılacaq. Razılığa gələ bilməsələr, indiki iqtidarın müstəqilliyi qorumaq naminə atmadığı addımı Milli Şura atacaq. 
- Belədirsə, Azərbaycandakı ənənəvi siyasilər niyə bu quruma qoşuldu? 
- Digər siyasilər gördülər ki, Rusiya açıq formada Azərbaycanı təhdid edir. Xəzər dənizinə hərbi qüvvələr çıxarır, Ermənistanda qoşunlarını gücləndirir, Dağıstanda ləzgiləri, cənubda talışları ayağa qaldırmaq istəyir. Bu təhdiddən istifadə edib öz siyasi məqsədlərini təmin etməyə çalışırlar. Nəyin bahasına olur-olsun, hakimiyyəti dəyişmək istəyirlər. Duqin özü açıq deyib ki, İbrahimbəyov Rusiya ilə alver edir. İstiqlalçı bir adam bunu etməz. 
- İsa Qəmbərin namizədliyini saxlaması Milli Şuranın dağılacağı ehtimalı ilə bağlıdır? 
- İsa Qəmbər bilir ki, Milli Şura boş bir qurumdur. Ona görə namizədliyindən imtina etmir. Rüstəm İbrahimbəyov avqustun 2-də gəlməyəcək. Rüstəm deyir gedirəm Almaniyada yaşayan azərbaycanlılarla görüşəcəyəm. Avropada ümumi 300 min soydaşımız varsa, Rusiyada bu rəqəm 3 milyondur. Niyə Rusiyadakı azərbaycanlılarla görüşmür? Bunlar hamısı baş qatmaq üçündür. Hay-küy saldılar ki, Amerikaya dəvət olunmuşuq. Dövlət Departamenti iki nəfər müxalifətdən adam çağırdı, dörd nəfər hökumətdən. Bununla ABŞ-ın kimi dəstəklədiyi ortaya çıxdı. 
- Rüstəm İbrahimbəyovun məhz kino günündə Azərbaycana gəlmək istəməsini necə qiymətləndirirsiniz? 
- Təhtəlşüur olaraq Rüstəm İbrahimbəyov özünü Azərbaycanın gələcək prezidenti kimi yox, məhz kino adamı kimi görür. O deyə bilərdi ki, mən Azərbaycana mayın 28-də gələcəyəm. Həm istiqlal, həm də Milli Şuranın elan oldunduğu gün idi. Amma deyir kino günündə gələcəyəm. Kino günü ilə bağlı tədbir keçirilməsə, gəlməyəcək. Deyəcək kino günü yoxdu, gəlmirəm. Rüstəm İbrahimbəyov builki seçkiyə çox qeyri-ciddi yanaşır. Milli Şura da çox zəif, dağılmağa meyilli bir qurumdur. Bir adamdan asılıdır. Rüstəm İbrahimbəyov bəyanat versə ki, mən daha Azərbaycana gəlməyəcəyəm, həmin saat Milli Şura dağılacaq. 

Printer »»»