“Siyasət bizim taleyimizdir”

13.06.2013

Əməkdaşımız təcili yardım stansiyasında həkim işləyən ADP sədrinin müavini Həsrət Rüstəmovla bir gün “həmkar” oldu. Biz onları siyasət meydanında görməyə alışmışıq; mitinqlərdə, toplantılarda, partiya iclaslarında iştirak edir, aksiyalarda şüar səsləndirir, alovlu nitqlər söyləyir, mediaya qalmaqallı müsahibələr verib gündəmdə qalmağa çalışırlar. Biz onları siyasətsiz, ölkə siyasətini də onlarsız təsəvvür etmirik. Ancaq onların siyasətdən kənar həyatları da var.

Əksəriyyəti işsiz olsa da, bir qisminin sənəti və ailəsini dolandıracaq işi var. Biz də elə “Siyasətdən kənar siyasətçi” rubrikasında onlardan yazmaq qərarına gəldik. Bu dəfəki qonağımız Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmovdur. O, Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının Bayıl qəsəbəsində yerləşən 3 saylı köməkçi yardım stansiyasında həkim işləyir. Onunla elə köməkçi stansiyada görüşürük. Bizi dəhlizdə düzülmüş stullardan birində oturmağa dəvət edir. Geniş koridorun divarında Heydər Əliyevin böyük portreti, küncdə isə bükülmüş halda Azərbaycan bayrağı var.
Söhbət zamanı məlum olur ki, həkimin heç iş stolu da yoxdur. Səbəbini soruşuram, izah edir: “Ayrıca otağım yoxdur. Burada 60-a yaxın həkim var, hərəyə bir stol verə bilməzlər. Burada otururuq, ancaq dincəlmə otağımız da var”. H.Rüstəmov bir ilə yaxındır ki, təcili yardımda çalışır. Deyir ki, müxalifət düşərgəsini təmsil etməsi işə düzəlməsində problem yaratmayıb: “Əvvəl aptekdə işləmişəm, şəxsi aptekim də olub. Burada işə düzəlmək il yarım vaxtımı aldı. Çünki sertifikat aldım, beş ildən artıq işləmədiyim üçün ”Səhiyyə haqqında" Qanuna görə, mütləq yenidən sertifikat imtahanı vermək lazımdır. İmtahanı verib diplomu təzələdim, sonra kursa getdim, işə qəbulla bağlı imtahan verdim. Test və müsabiqədən sonra işə düzəldim. İxtisasca anestezioloq reanimatoloqam".
O deyir ki, burada işləmək ona vaxt baxımından da sərfəlidir. Çünki həftənin iki günü işləyir, qalan günlər siyasi fəaliyyətlə məşğul olmağa imkanı olur: “Gecə işlədiyim günlərdə gündüz vaxtım kifayət qədər olur. Bizim həkimlərin çoxu başqa yerdə də işləyə bilirlər. Onlar burada olmadıqları günü başqa yerdən qazanmağa sərf edə bilirlər”. Ancaq əmək haqqı o qədər də yüksək deyil: “Təcili yardımda əmmək haqqı digər səhiyyə sektorlarından yüksəkdir. On ildən çox stajı olanlar bir az da çox alır. Ancaq əmək haqqı işçiləri narahat edən məsələdir”.
Əmək haqqı o qədər yüksək olmasa da, H.Rüstəmov özəl klinikalarda işləmək istəmir: “2005-ci ildə bir-iki ay işlədim, xoşuma gəlmədi. Sistem tam oturuşmayıb. Orada gərək öz pasiyentlərin ola, haradasa işləyəndə səni tanıyalar və özəl klinikaya sənin yanına gələlər. Mən anestezioloq reanimatoloqam. Ancaq cərrahlar əməliyyat zamanı özləri ilə anestezioloq gətirirdi. Mən də yerdə qalan xəstələrə baxırdım. 
Vaxtım çox gedirdi, yaxşı da qazana bilmirdim. Buna görə çıxdım".
Həkimdən təcili yardımda savadsız həkimlərin işləməsi kimi ictimai rəydə hakim olan fikrə də münasibət öyrənirik. Deyir ki, bu, səhv fikirdir: “Səhiyyə barədə formalaşmış mənfi fikirlərin əksəriyyəti həkimlərin özünün şəxsi keyfiyyəti, bilik səviyyələri ilə yox, sistemin yararsızlığı ilə bağlıdır. Həm də bu, səhiyyə maarifçiliyinin zəif olması ilə bağlıdır. Camaat elə bilir ki, həkim istənilən halda istənilən xəstəni sağaltmalıdır. Tutaq ki, xəstə xəstəxanaları gəzir, ümidsiz və ağır xəstədir, xəstəxanadan evə buraxıblar. Yaxınları evə təcili yardım çağırır. Ondan tələb edirlər ki, xəstəni sağaltsın, diriltsin. Bu, mümkün olan şey deyil axı. Bizim işimiz ilk yardımdır. Təcili yardımda işləyən savadlı həkimlər haqqında daha yüksək fikir bildirilir. Bizim yarımstansiyada hər ay seminar məşğələlər olur. Bir həkim hansısa mövzu ətrafında məruzə hazırlayır, sonra diskussiya olur. Bizdə müasir avadanlıqlar var, maşınlarımız da müasirdir. Ancaq təbii ki, nöqsanlar da yox deyil. Bəzən insanlarımız nöqsanları qabartmağa da meyllidir. Beş dəqiqəyə gedirik çağırışa, xəstənin adamları çıxıb deyir ki, haradasınız? Elə hesab edirlər ki, təcili yardım qapının ağzında gözləyir və çağırış olan kimi içəri girir. İndi gecikmələr demək olar ki, olmur. Çağırışlar çox olur. Hətta digər rayonlarda boş briqada varsa, o da çağırışa göndərilir. Amma bəzən bu, vaxt aparır. Xəstələri çeşidləyirlər, deyirsə ki, ürək tutması, vəziyyəti pisdir, huşsuzdur, birinci növbədə ora gedilməlidir. Digərləri, məsələn, temperaturu olanı bir qədər ləngidə bilirlər. İnsanlar bunu anlayışla qarşılamalıdır, başa düşməlidir ki, bəlkə ləngiyən həkim daha ağır xəstəni ölümdən xilas edir”.
İndiyə qədər getdiyi çağırışlarda H.Rüstəmov çoxlarına tanış gəlib: “Mən də deyirəm ki, ola bilsin haradasa görüşmüşük. Xüsusi bir açıqlama verməyə ehtiyac görmürəm. Siyasətdə artıq 20 ildir ki, varam. Bu, mənə həkimlik qədər əhəmiyyətli, vacibdir. Xüsusilə hesab edirəm ki, siyasətdə xalqıma daha çox fayda verə bilərəm. Təəssüf ki, Azərbaycanda elə şərait yoxdur, siyasi meydan dardır. İqtidar zəbt edib meydanı və imkan vermir. Bu baxımdan, bir qədər çətindir. Əslində bu fəaliyyətimdən istifadə edib siyasətdə irəli getməyi düşünməmişəm. Həkim kimi çalışıram. Siyasətlə həkimliyin bir-birinə qarışmasını, birinin digərinə təkan verməsini istəmirəm. Ona görə də açıqlama vermirəm. Amma birbaşa tanıyanlar da olur. Çağırışçılardan partiyanın indiki keçmiş üzvləri olub məni tanıyıblar”.
H.Rüstəmov təcili yardım həkimlərinin xəstədən pul alması kimi faktların artıq olmadığını da söyləyir: “Tez-tez bizə bununla bağlı xəbərdarlıq olur. Hansısa stansiyada neqativ hal olursa, digər stansiyalarda həkimlər xəbərdar edilir. Bizim stansiyada belə hala rast gəlməmişəm. Bir ilə yaxındır burada işləyirəm. Ancaq onu deyim ki, təcili yardım həkiminin əmək haqqı çox aşağıdır. Həkim 1500- 2000 min manat məvacib almalıdır. Çünki o, kitabxanaya getməli, kitab ala bilməlidir. Mən kitabları çətinliklə alıram, bəzilərinin internet vasitəsi ilə- pdf formatını əldə edirəm. Bəzilərinin üzünü köçürtmüşəm. Çox bahadır kitablar. Elə kitab var 60-100 manatdır. Ən ucuzu 25-30 manatdır. Həkimlər beynəlxalq nəşrlərə abunə olmalıdır və sair. Həkimlik çəkməçilik kimi peşədir. Harada insan varsa, orada həkimə ehtiyac var. Həkim işdən çıxdı, getdi evinə, qonşusu da onu xəstə üstünə çağıra bilər. Həkimin dolanışığı üçün müxtəlif imkanlar var, amma təcili yardım həkiminin xəstədən pul götürməsi, ödəniş tələb etməsi düzgün deyil. Özüm də bu məsələdə xüsusilə diqqətliyəm. Xəstəyə yardım edəndən sonra heç təşəkkür belə gözləmədən çıxıram”.
Siyasətlə bağlı danışmağa cəhd edirəm Həsrət bəylə. Deyir ki, siyasət bizim taleyimizdir, onsuz olmaz: “Bu, hamımızın taleyidir. Həyatımız bir çox bağlarla siyasətlə əlaqəlidir”. Ancaq siyasətdən danışmağa yenicə başlamışdıq ki, növbəti çağırış gəlir - bu, gün ərzində Həsrət həkimin üçüncü çağırışıdır: “Bulvarda intihar olub, kimsə özünü dənizə atıb”. Həkim cəld otaqdan çıxır, tibb bacısı ilə birgə onun ardınca qaçıram. Həkim gərgindir bir az, mən də tələsirəm. Birdən o, mənə tərəf dönüb kinayə ilə dillənir: “Yəqin sizinçün maraqlı olar”. 
Maşına minib hadisə yerinə tələsirik. Tibb bacısı intiharların çoxalmasından gileylənir, mənsə soruşuram ki, intihar edənlərin əksəriyyəti həyatını itirir, ya yox. Həkim deyir ki, su altında çox qalıbsa, vəziyyət çətin olur... Təcili yardım maşınında ab-hava gərgindir, hadisə yerinə çatan kimi maşından düşüb qaçırıq, həkim öndə, tibb bacısı arxada, mən də onların arxasınca. Sahilə uzadılmış insana çatmağa xeyli var, ancaq onun tərpəndiyini görüb sevinirəm: “Ölməyib, ayaqları tərpənir”. Həkim ilk tibbi yardım göstərir və gənci yaxın xəstəxanaya çatdırmağı qərara alır. Onlarla birdə maşına minməyə ürək etmirəm, birdən intihara cəhd edən gənc yanımda keçinər deyə. Onlar gedir. Bir saat sonra isə həkim mənə zəng edir: “Niyə getdiniz?” Cavab verirəm ki, “Qorxdum ki, gənc ölər, ona görə”. “Narahat olma”, - deyir həkim - “Ölmədi, özünə gəldi, xəstəxanaya yerləşdirdik, reanimasiyadadır”. Sonra əlavə də edir: “Sizinçün maraqlı idi, eləmi? Həm də iki reportajı birdən hazırlayacaqsınız. Məsələn, intihar edən gəncin həyat dramı deyə ad da qoya bilərsiniz yazınıza”. Dinmirəm, sonunda həkim zarafata salıb xahiş də edir məndən: “Çalışın yaxşı yazın, diqqətli olun. Məni sonra işdən çıxarmasınlar”.

Printer »»»