“Müxalifətdaxili vəziyyət qənaətbəxş deyil”

23.05.2013

Taliyət Əliyev: “Müxalifətin hər seçki ərəfəsində birləşməsinə əngəl olan amillər çoxdur”
“Bizdə hələ siyasi mədəniyyət o səviyyəyə çatmayıb ki, özümüzün şəxsi və qrup maraqlarımızı xalqın maraqlarına qurban verək”
Prezident seçkilərinə az bir müddət qalsa da, lakin bir sıra partiyalar hələ də seçkilərlə bağlı mövqeyini tam müəyyənləşdirməyib. Belə partiyalardan biri də Azərbaycan Demokrat Partiyasıdır. Partiyanın sədr müavini Taliyət Əliyev verdiyi müsahibədə ADP-nin seçki ilə bağlı mövqeyinin müəyyənləşməməsinin səbəbini açıqlayıb. ADP rəsmisi müxalifət düşərgəsində seçkiqabağı mövcud olan vəziyyət barədə də danışıb.
-Taliyət bəy, hazırda müxalifətdaxili vəziyyəti necə qiymətləndirirsiniz?
- Seçki ili ərəfəsində müxalifətin inteqrasiyası istiqamətində atılan addımların hələ heç bir nəticə verməməsi, vahid komanda və vahid lider ətrafında seçkilərə getmək ehtimalının aşağı olmasını nəzərə alaraq, müxalifətdaxili vəziyyəti qənaətbəxş hesab etmirəm.
-Azərbaycan Demokrat Partiyasının prezident seçkiləri ilə bağlı mövqeyinin hələ də tam müəyyənləşməməsinə nə mane olur?
-Bildiyiniz kimi Azərbaycan Demokrat Partiyası "Qarabağ" siyasi blokunda təmsil olunur. Bu blokda təmsil olunan Ümid Partiyası özünün namizədini artıq elan edib. Yəni siyasi qərar veriblər ki, namizədimiz İqbal Ağazadədir. Azərbaycan Demokrat Partiyası olaraq biz hələ seçkilərlə bağlı ilkin olaraq siyasi qərarımızı verməmişik. Buna mane olan səbəblərdən biri ortada olan Milli Şura ideyasının hələ də reallaşmamasıdır. Hesab edirik ki, Milli Şura yaranacağı halda ölkədə yeni situasiya olacaq və o situasiyaya müvafiq addımlar atmaq lazımdır. İkincisi, partiya daxilində seçkilərə qatılmağın formaları ilə bağlı da fikir ayrılıqları var. Bir qrup hesab edir ki, partiya bu seçkilərdə öz namizədi ilə iştirak etsin. Digər bir qrup isə istəyir ki, partiya "Qarabağ" blokunun namizədi ilə iştirak etsin. Mənə elə gəlir ki, may ayından sonra ölkədə gedən proseslərə müəyyən aydınlıq gələcək və biz də partiya olaraq prezident seçkiləri ilə bağlı qəti mövqeyimizi bildirəcəyik.
-Sizcə Milli Şura ideyası vaxt itkisinə xidmət etmirmi və bu ideyanın reallaşması müxalifətin toparlanmasına nə dərəcədə kömək ola bilər?
-Milli Şura ideyasının reallaşmasının gecikməsi sözsüz ki, vaxt itkisi deməkdir. Müxalifətin maliyyə resurslarının yox səviyyədə olduğu indiki seçki ilində bizim ən qiymətli resursumuz zaman resursudur. Bu ideyanın hələ də reallaşmaması demokratik düşərgənin ziyanına işləyir. Digər bir məsələni də qeyd etmək istəyirəm ki, Milli Şura parlaq ideya olduğuna görə demokratik düşərgədə psixoloji olaraq daxili senzor yaradıb. Müxalifətin bir araya gəlməsi ilə bağlı alternativ ideya və təşəbbüslər ya irəli sürülmədi, ya da ki, irəli sürülən ideyalar kölgədə qaldı, müdafiə olunmadı. Milli Şura ideyası isə hələ ki, reallaşmır. Bu baxımdan bu ideyanı irəli sürən və bu ideyanın reallaşdırılması prosesini aparanların üzərinə böyük məsuliyyət düşür. Çünki, bu ideya baş tutmasa və ya baş tutacağı halda müsbət nəticə ortaya qoya bilməsə, təbii olaraq cəmiyyət müxalifətin zamanında bir araya gəlməməsinin günahını Milli Şurada görəcək və bu ideyanı təxribatçı ideya kimi dəyərləndirəcək. Bu məqamı bu gün Milli Şuranın yaradılması ilə məşğul olanlar diqqətdən yayındırmamalıdır. Milli Şuranın müxalifətin toparlanmasına necə təsir edəcək məsələsinə gəldikdə isə, onu deyə bilərəm ki, bu ideyanın reallaşdırılması prosesinin qeyri-şəffaf, dar bir çərçivədə aparılması, orada təmsilçiliyin prinsiplərlə deyil, kimlərinsə istəyi ilə həyata keçirilməsi, bu ideyanın cəmiyyət tərəfindən birmənalı qarşılanmaması, müəyyən şübhələrin, narahatçılıqların olması bu qurumun ictimai-siyasi legitimliyinə və müxalifətin bu ad altında birləşmə şansına kölgə salır.
-Konkret olaraq hər seçki ərəfəsində müxalifətin birləşmək cəhdlərinə nə mane olur?
-Müxalifətin hər seçki ərəfəsində birləşməsinə əngəl olan amillər çoxdur. Bunlardan ən əsası siyasi partiya liderlərinin siyasi ambisiyaları, onların fərdi və qrup maraqlarıdır. Görünür bizdə hələ siyasi mədəniyyət o səviyyəyə çatmayıb ki, özümüzün şəxsi və qrup maraqlarımızı xalqın maraqlarına qurban verək. Müxalifətin bir araya gələ bilməməsinin əsas səbəblərdən biri də neft faktorudur. Neftdən gələn milyardlar hakimiyyətə imkan verir ki, bu pullardan istifadə edərək müxalifəti parçalasın, birliyə mane olsun. Əhəmiyyətli hesab etdiyim məsələlərdən biri də liderlərimiz çox olsa da, demokratik düşərgənin təbii liderinin olmamasıdır.
Printer »»»