“Səməd Vurğunu heç vaxt bağışlamayacağam”

17.04.2013

Sərdar Cəlaloğlu jurnalistləri qərəzli olmaqda günalandırır

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “qafqazinfo.az” saytına müsahibəsində xalq şairi Səməd Vurğunla bağlı dediyi fikirlər qalmaqala səbəb olub. Lakin sonradan partiya sədri bunu təkzib edib. Saytın baş redaktoru Elbrus Ərud isə buna cavabında deyib ki, S. Cəlaloğlu dediklərini təkzib edirsə, məhkəməyə müraciət etsin. Həmçinin qeyd edib ki, müsahibənin audio yazısını yenidən sayta yerləşdirə bilərlər: “Bütün jurnalistlər bilir ki, Sərdar Cəlaloğlu qızışanda nə gəldi danışır, sonra başlayır onları çıxartdırmağa. Əgər o bu iddiasını davam etdirərsə, biz o müsahibəni təzədən verib, onu biabır edəcəyik”.

“Hətta ləhcə ilə danışıqlarımı da olduğu kimi veriblər”

Məsələ ilə Bağlı Publika.Az-a danışan S. Cəlaloğlu deyib ki, əsəbiləşib dediyi sözləri müsahibədə dərc olunmağı üçün nəzərdə tutmayıb. Onun sözlərinə görə, qarşı tərəfin müsahibənin mətnini ona göstərmədən bilərəkdən yayıblar: “Mən əsəbiləşdim və Səməd Vurğunla bağlı müəyyən  sözlər dedim. Amma jurnalistə dedim ki, bu sözləri müsahibədə verməyin. Hətta köməkçim Daşqın da yanımızda idi. Qərara gəldik ki, müsahibəni yazdıqdan sonra bizə göndərsinlər, biz baxdıqdan sonra yayımlasınlar.
Amma bir gün sonra müsahibəni alan jurnalist mənə zəng edib müsahibəni oxuyub oxumadığımı soruşdu. Mən də irad tutdum ki, Səməd Vurğunla bağlı dediyim o ifadəni çıxartmadan, mən müsahibəyə baxmadan nə üçün yayımlamısınız. Onlarsa nəinki o ifadəni çıxartmadılar, hətta manşetə də qoydular. Mən demirdim ki, Səməd Vurğunla bağlı digər fikirlərimi verməyin. Təkcə o ifadəni çıxarmalarını istəmişdim. Jurnalist isə bunu redaktorunun elədiyini dedi. Hesab edirəm ki, bu jurnalistin işinə müdaxilədir. Eyni zamanda bu, “qafqazinfo” saytının rəhbərinin bu məsələdə qərəzli olmasının göstəricidir. Tələb etdim ki, müsahibəni çıxarın, amma onu da etmədilər”.
ADP sədri bəzi jurnalistlərin fəaliyyətinə də irad tutub. O deyib ki, xarici ölkədə bir nəfəri televiziyaya çıxaranda, onun yaxşı görünməsi üçün 20-30 adam işləyir: “Çalışırlar ki, onun eybi olsa da tamaşaçılar bunu görməsin. Bizdə isə bəzi jurnalistlər əksinə olaraq əllərindən gələni edirlər, fotoları ən pis formada çəkib yayımlayırlar. Hətta eyibsiz insan olsa belə, ondan nəsə eyib yaradırlar. Bu müsahibəni də elə veriblər ki, adını oxuyan oxucu içini oxumasa belə mənfi fikirlər yaranır. Halbuki  məni sayta qonaq çağırıblar və 2 saata qədər söhbət etmişik. Orda suallardan kənar söhbətlərimiz də olub. Bunlarsa bütün danışıqlarımızı bir nöqtəsinə belə dəymədən yazıblar. Hətta üslubuna da toxunmayıblar, mənim ləhcədə dediyim sözləri də olduğu kimi veriblər. Axı bu, düzgün deyil”. 

Onun sözlərinə görə, müsahibədə dedikləri Azərbaycanın tarixi dəhşətləri ilə bağlı ürək yanğısından irəli gələn sözləridir: “Amma onlar bunları bir kənara qoyub, fikirlərimi konteksə çıxarırlar. Mən Qarabağdakı seperatizmin mahiyyətini, kökünü izah edirəm. Əsas məsələ kənarda qalıb, onlarsa tamam başqa məsələləri manşetə çıxarırlar. Əsəbiləşib dediyim sözləri, hətta ləhcə ilə danışıqlarımı da olduğu kimi veriblər. Bu qərəzli yanaşmadır”.
S.Cəlaloğlu bildirib ki, bu gün həmin hadisələri, 31 mart soyqırımını təsəvvürünə gətirəndə qırğına haqq qazandıran istənilən adamı söyə bilər. Onun fikrincə, bu hadisələrə təmkinlə yanaşanları azərbaycanlı hesab etmir. 

“Şaumyanı babası adlandırır, Məmməd Əmin Rəsulzadəni vətən xaini” 

S.Cəlaloğlu hesab edir ki, bu gün problemlərimizin kökü 31 mart soyqırımından başlayır. Onun fikrincə, buna görə xalqımız qeyri-normal inkişaf edib. ADP sədri bildirib ki, Səməd Vurğun da “26-lar” poemasında mart qırğınlarını 180 dərəcədə tərsinə təsvir edir: “Şaumyanı özünün babası adlandır, Məmməd Əmin Rəsulzadəni təhqir edərək vətən xaini kimi təqdim edir. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlarının qarşısını almaq üçün Bakıya gələn türkləri işğalçı kimi göstərir, rusları isə Azərbaycanın xilaskarı kimi. Bunları tamamilə yanlış mövqe olaraq dəyərləndirirəm. “Vaqif” dramında da Azərbaycanda Nadir şahdan sonra hakimiyyəti ələ alıb unitar Azərbaycan dövlətini yaratmış Qacarı ələ salır. Halbuki  Qacar Şimali Azərbaycanda separatizmin qarşısını almaq məqsədilə  Qarabağ və Tiflisə qoşun yeritmişdi. Səməd Vurğun Qacarı Azərbaycanı işğal edən şəxs kimi təqdim edir, əvəzində Qarabağdakı indiki seperatizmin əsasını qoyanları böyük şəxsiyyət olaraq göstərir. Tarixi təhrif etdiyinə, xalqın öz övladlarına nifrət yaratdığına və bu xalqa düşmən olanlara sevgi yaradığına görə Səməd Vurğunu bağışlaya bilmirəm. Heç vaxt da bağışlamayacağam”. 

S.Cəlaloğlu Qacarın türk dövləti qurduğunu deyir. Belə ki, Qacar hakimiyyətə gələndə anası, atası əsl türk olmayanların vəliəhd olmaması ilə bağlı fərman verir: “Vəliəhdin anası da, atası da təmiz azəri türkü olmalı idi. Məsələn Fətəli xanın bir arvadı özbək olur, onun oğlu böyük övlad olmasına baxmayaraq vəliəhd qoymurlar. Çünki anası özbək qızıdır. Yəni azəri türkü yox, başqa türk tayfasından idi. Bu adamı necə fars adlandırmaq olar, onu necə Azərbaycanın işğalçısı kimi təqdim etmək olar? O vaxt Qarabağ xanlığı ruslarla gizli sazişə gedərək Azərbaycan dövlətinə qarşı mübarizə apardığı üçün xanı cəzalandırmağa gələn Qacarı ruslar zəhərləyib öldürürlər. Bu hadisələrdən sonra Azərbaycan iki hissəyə bölünür. Bu cür tarixi şəxsiyyətlərimizi təhqir etmək olmaz”. 

S.Cəlaloğlu qeyd edib ki, siyasətçi olmağına baxmayaraq, bu hadisələri təəssəvürünə gətirəndə daxilindəki qəzəbi saxlaya bilməz. O, buna görə də Səməd Vurğunu, onun “26-lar” poemasını və “Vaqif” dramını Azərbaycanın milli maraqlarına ciddi zərbə vurduğunu hesab edir.


Printer »»»