TURAZ ŞAHİNİ-15" TƏLİMİNİ YÜKSƏK DƏYƏRLƏNDİRDİ

06.04.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı olub.

Toplantıda ötən həftənin mühüm siyasi hadisələrinə dair partiyanın baxışlarının formalaşdırılması əsas müzakirə mövzusu olub.

İlk növbədə dünyada müsəlman icmalarına və islam dininə qarşı aparılan kompaniyalara diqqət çəkən İdarə Heyətində, İslam adı altında həyata keçirilən İŞİD və ona bənzər siyasi və hərbi fəaliyyətlərin, habelə müasir dünyamızın əsas bəlalarından biri olan terrorçuluğun Allahın sonuncu dini ilə heç bir əlaqəsinin olmaması bir daha vurğulanıb.
Əksinə müsəlman ölkələrində, o cümlədən digər dinlərə inanan xalqların yaşadıqları yerlərdə terror və insanlıq ilə bir araya sığmayan müharibələrin başlıca səbəbi məhz İslamın təməl prinsiplərinin və Quranın insanlıq qarşısında qoyduğu tələblərin gözardı edilməsi, ilahi həqiqətə diqqət verilməməsidir.

İdarə Heyəti İran ilə "altılıq" ölkələrinin Lozanna razılaşmasını müsbət dəyərləndirib, bununla əlaqəli bölgədə gözlənilən yeni siyasi və iqtisadi gəlişmələrdən ölkəmizin faydalanması, yaranmış situasiyadan xalqımızın mənafe və maraqlarına uyğun adekvat addımların atılması zərurəti qeyd edilib.

Türkiyə ilə birgə hərbi hava təlimini-"TurAz Şahini-15"- yüksək dəyərləndirən ADP İdarə Heyəti bu təlimi mühüm siyasi hadisə adlandırıb və qardaş ölkənin potensialından yararlanaraq Azərbaycan ordusunun müasir dünya standartlarına uyğunlaşdırılması, digər qoşun növləri üzrə, o cümlədən silahlanma və hərbi texnika baxımından dünyanın aparıcı, yüksək texnologiyalı ölkələri ilə sıx əməkdaşlığın vacib olması bir daha qeyd edilib.

İdarə Heyətində həmçinin son vaxtlar ölkəmizə ov və digər əyləncələr məqsədilə gələn ərəb şeyxlərinin Azərbaycandakı fəaliyyəti haqqında mətbuatda gedən məlumatların narahatlıq doğurduğu vurğulanıb, ölkəmizin onsuz da gərgin olan

ekoloji park və qoruqlarının nəyinsə müqabilində vəhşicəsinə talanmasına şərait yaradılmasının yolverilməz olması və ölkə hakimiyyətin bu məsələyə aydınlıq gətirməsinin vacibliyi qeyd edilib.

*** SƏRDAR CƏLALOĞLUNUN NÖVBƏTİ UĞURU

ADP sədri Sərdar Cəlaloğlunun "Kosmik dəyişilmələr nəzəriyyəsi" adlı elmi işi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində rəsmi qeydiyyata alınıb və müəllifə müvafiq şəhadətnamə verilib.

Müəllifin qeydiyyata alınmış ikinci elmi nailiyyəti olan bu nəzəriyyə ilə bütün kosmik hadisələrin səbəb və nəticələri, habelə onlara dair dəqiq proqnozların verilməsi kimi çox mühüm əhəmiyyətli məsələləri aydınlaşdırmağın mümkünlüyü qeyd olunur.

Qeyd edək ki, adıçəkilən nəzəriyyə hələlik dərc edilməyib, əsərin yayılması ilə maraqlananlar müəllifin özü ilə əlaqə saxlaya bilərlər.
Printer »»»