Blok üzvləri Avropa Parlamentinin qondarma erməni “soyqırımı”nın tanınmasını pisləyib.

22.04.2015

Bu gün ADP Mərkəzi Qərərgahında Qarabağ Blokunun növbəti iclası keçirilib. 

İclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

Blok üzvləri ilk növbədə Avropa Parlamentinin qondarma erməni “soyqırımı”nın tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib və tarixi reallıqlara söykənməyən, antitürk, antimüsəlman övqatı özündə əks etdirən bu qətnaməni qətiyyətlə pisləyib.
Blok üzvləri bu qərarın qardaş Türkiyəyə və Azərbaycana qarşı siyasi təzyiq vasitəsi olaraq qəbul edildiyini, Avropa Birliyinin öz əcdadlarından miras aldığı xristian təəssübkeşliyindən qaynaqlandığını, bir zamanlar Osmanlı Türkiyəsində “sadiq millət” adı qazanan erməniləri siyasi alətə çevirərək, onlara ağır müharibə şəraitində olan Türkiyədə köç faciəsi yaşatmasından dolayı kompensasiya məqsədindən irəli gəldiyini bildirib və bu məsuliyyətsiz addımı Çanaqqala döyüşündə məğlub olan Avropa dövlətlərinin revanşist hərəkəti kimi dəyərləndirib.


Blok üzvləri aprelin 20-də İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri H.Dehqaninin Azərbaycana səfərinin nəticələrini müzakirə edib və səfər zamanı iki ölkə arasında qarşılıqlı əməkdaşlığın vacib sahələrini əhatə edən danışıqlar zamanı regionda təhlükə mənbəyinə çevrilən ifrat dini cərəyanlara qarşı birgə mübarizə aparılması, hərbi əməkdaşlığın perspektivləri ilə bağlı əldə edilən razılaşmaları müsbət dəyərləndirib və bu razılaşmaların hər iki ölkə üçün faydalı olduğunu diqqətə çatdırıb. Eyni zamanda Azərbaycanın beynəlxalq təhlükəsizliyinin təmin edilməsi baxımından ölkəmizin Avroatlantik məkana inteqrasiyası və Türkiyə ilə strateji müttəfiqliyin vacibliyinə diqqət çəkən blok üzvləri bu sahədə xarici siyasət kursunun daha da dərinləşməsinə əminliyini ifadə edib.

Blok üzvləri manatın devalvasiyaya uğraması ilə bağlı ölkədə yaranan sosial-iqtisadi narazılıqlara, qiymətlərin artması müqabilində minimum əməkhaqqı bazasının dəyişilməz qalması, orta və kiçik biznesin monopolistlər tərəfindən sıxışdırılması, aztəminatlı ailələrin, təqaüdçülərin daha acınacaqlı duruma düşməsi ilə bağlı vəziyyəti müzakirə edib və hakimiyyəti ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətin yüngülləşdirilməsi, süni bahalaşmanın qarşısının alınması, monopoliya və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində təcili tədbirlər görməyə, bazara uğursuz inzibati nəzarət siyasətindən əhalinin minimum əməkhaqqı bazasının artırılması və effektli indeksasiya siyasətinə keçməyə çağırıb.

Blok üzvləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənovun Ukrayna və Azərbaycan arasında analogiya apararaq qərbə radikal inteqrasiyanın geopolitikada ciddi problemlər yaradacağı ilə bağlı fikrlərini bölüşüb və hazırkı şərtlər daxilində Avropa ilə sıx inteqrasiya meyllərinin arzuolunmaz nəticələrə gətirəcəyini bildib. Eyni zamanad blok üzvləri Avropa ilə inteqrasiyanın ölkə daxilində demokratikləşmənin ləngidilməsi, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması anlamına gəlməyəcəyi qənaətində olduğunu qeyd edib.

Blok üzvləri son vaxtlar Azərbaycan hakimiyyəti tərəfindən qeyri hökumət təşkilatlarına, siyai fəallara, söz mətbuat azadlığına, bütövlükdə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə qarşı aparılan represiya siyasətindən, onlara ağır həbs cəzalarının kəsilməsindən narahat olduğunu bildirib və siyasi motivlərə söykənən bu cür cəzaların ölkədə vətəndaş həmrəyliyinə xidmət etmədiyini, Azərbaycanın beynəlxalq nüfuzuna ciddi ziyan vurduğunu diqqətə çatdırıb və hakimiyyəti demokratiya və insan haqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.

Printer »»»