Bu gün Qarabağ blokunun növbəti iclası keçirilib

04.02.2015

Bu gün Qarabağ blokunun növbəti iclası keçirilib. İclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Blok üzvləri ilk növbədə “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının 2015-ci il hesabatında Azərbaycana aid hissəsində ölkədə 2014-cü ildə də aparılan kütləvi həbslər, siyasi və ictimai fəallara, mətbuat nümayəndələrinə və vətəndaş cəmiyyəti institutlarına qarşı təqiblərin, təzyiqlərin şiddətlənməsini və bununla ölkədə onsuz da bərbad olan insan haqlarının vəziyyətininin daha da ağırlaşması ilə bağlı deyilənləri müzakirə edib. Müzakirələrdə hesabatda Azərbaycanla bağlı əksini tapan qeydlər obyektiv həqiqətlər kimi dəyərləndirilib.
Qarabağ Bloku Azərbaycan hakimiyyəti hesabatda qeyd olunan faktlara diqqətlə yanaşmağa, seçkiqabağı vəziyyətin yaxşılaşdırılması, siyasi məhbusların azad olunması, siyasi partiyalara insanlarla təmas imkanının verilməsi, kütləvi aksiyaların keçirilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atmağa çağırıb.


Toplantı da Ukrayna və Rusiya arasında yaranan münaqişənin getdikcə müharibə müstəvisinə daxil olması faktı da geniş müzakirə olunub. Müzakirələrdə bu hadisələrdən ciddi narahatlıq ifadə edilib və qeyd edilib ki, beynəlxalq ictimaiyyət bu münaqişənin postsovet məkanında daha ağır nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq problemin həlli istiqamətində daha ciddi addımlar atmalıdır. Eyni zamanda Rusiya dövlət rəsmilərindən bu ağılsız siyasətlərindən əl çəkmək, keçmiş SSRİ xalqlarının öz müqəddaratlarını müstəqil təyin etmələrinə mane olmamaq tələb edilib, öz sərhədləri yaxınlığında yaratdığı münaqişələrin gec-tez Rusiya dövlətçiliyinə də zərbə vuracağı qeyd edilib.

Qarabağ Bloku Avropa Şurasında Rusiya ilə bağlı aparılan müzakirələrdə Azərbaycan nümayəndə heyətinin Rusiyanı müdafiə edən qərara qarşı çıxış etməsini təqdirə layiq hesab etməyib və bu addımların sonradan Avropa dövlətlərinin Azərbaycana qarşı yönələ biləcək hərəkətlərə çevrilməsinə stimul yaradacığını diqqətə çatdırıb və hakimiyyəti beynəlxalq məsələlərə yanaşmada təcavüzkar Rusiyanın yanında deyil, Ukraynanın müstəqilliyi və suverenliyini təhlükə altına salan Rusiyanı durdurmaq istəyən demokratik Avropanın yanında olmağa səsləyib.

Qarabağ Bloku dünya bazarında neftin qiymətinin aşağı düşməsi, qiymətlərin qalxması fonunda ölkədə yaranan ağır sosial-iqtisadi şəraiti, əhalinin iqtisadi güzəranının getdikə çətinləşməsi faktını, az təminatlı ailələrin vəziyyətinin daha da ağırlaşmasını diqqətə çəkərək hakimiyyəti sosial-iqtisadi yönümlü siyasət izləməyə, qeyri-neft sektorunu inkişaf etdirməyə, ölkədə işsiszliyin aradan qaldırılması üçün ciddi addımlar atmağa və aztəminatlı ailələrin hüquqlarının effektli müdafiəsini təmin etmək üçün dövlər proqramı hazırlamağa çağırıb.

Printer »»»