ADP - C.Həsənlinin qızı haqqında çıxarılan sifarişli məhkəmə hökmünı qətiyyətlə pisləyib.

23.02.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. 

Toplantı iştirakçıları ilk öncə ölkə həyatının iqtisadi sistemini silkələyən, əhalini ciddi sosal-iqtisadi sınaqlar qarşısında qoyan manatın məzənnəsinin kəskin şəkildə aşağı düşməsi məsələsinə münasibət bildirib və bu faktı ölkdə yeridilən yanlış iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirib.
İstehsal böhranının nəticəsi olaraq ortaya çıxan bu faktın sonradan maliyyə-kredit və ardınca istehlak böhranını yarada biləcəyini diqqətə çəkən partiya rəsmiləri bu böhranın qarşısının alınması üçün ölkədə hökm sürən korrupsiya və monopolizmin kökünün kəsilməsi, məzənnənin aşağı düşməsinə uyğun indeksasiya siyasətinin həyata keçirilməsi, qiymət artımının qarşısının alınması, orta və kiçik biznesə tətbiq edilən vergi yüklərinin azaldılması, bank sistemində islahatların aparılması, aztəminatlı ailələrin və təqaüdçülərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində hakimiyyətə çağırışlar edib, iqtisadi siyasətin təkmilləşdirilməsi, bazar iqtisadiyyatına yuğunlaşdırılması sahəsində ciddi və təsirli addımlar atmağa çağırıb.

İdarə Heyəti proffessor C.Həsənlinin qızı haqqında çıxarılan sifarişli məhkəmə hökmünı qətiyyətlə pisləyib, törədilən əməllə verilən cəza arasında uyğunluğun omadığını, əksinə çıxarılan hökmün arxasında onun atası C.Həsənlinin siyasi fəaliyyətinin, prezident seçkiləri zamanı hakimiyyətin qanunsuz əməllərinə qarşı sərt mövqe nümayiş etdirməsi faktının durduğunu bildirib və hakimiyyətdən onun haqqında çıxarılan siyasi motivli hökmün dəyişdirlməsi və dərhal azadlığa buraxılmasını tələb edib.

İdarə Heyəti ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin nəticələrinə münasibət bildirib və bu səfər zamanı həmsədrlərin seperatçı Qarabağ rejiminin nümayəndələri ilə görüşdən sonra səsləndirdiyi bəyanatda onları “Dağlıq Qarabağın faktiki rəhbərliyi” kimi təqdim etmələrini qətiyyətlə pisləyib bu ritorikanın diplomatik qaydalara, Minsk qrupunun həmsədri olaraq üzərinə götürdükləri barışdırıcılıq missiyasına uyğun olmadığını diqqətə çatdırıb və Azərbaycan XİN-dən onlara etiraz bildirməsini tələb edib.

İdarə Heyəti İranda keçirilən idman tədbirlərində Azərbaycan bayrağının təhrif edilməsi, türkçülüyün simvolu olan səkkiz guşəli ulduzun qəsdən beş guşəli olaraq təqdim edilməsini qətiyyətlə pisləyib, dəfələrlə təkrar edilən bu cür faktların iki ölkə arasında faydalı qarşılıqlı əlaqələrə ciddi xələl gətirə biləcəyini ifadə edib və bu faktı fars şovinizminin təzahürü, tarixi, mədəni, dini tellərlə bir-birinə bağlı olan başqa bir dövlətin dövlət rəmzlərinə qarşı sayqısızlıq və nəzakətsiz davranış kimi dəyərləndirib.

İdarə Heyəti Ukrayna hadisələrinin adi münaqişə həddini aşaraq müharibə müstəvisinə daxil olmasından, imperialist iddialı Rusiyanın bu ölkəyə qarşı başlatdığı işğalçı və eksponsianist siyasətinin daha qabarıq şəkildə davam etməsindən, bu gərginliyin nəinki postsovet məkanında, eləcə də bütün dünyada ciddi qarşıdurmalar yarada biləcəyindən narahat olduğunu bir daha diqqətə çatdırıb, beynəlxalq gücləri və dünya ictimaiyyətini Rusiyanın seperatçıların əli ilə Ukraynanın suvernliyi və müstəqilliyinə qarşı yönəlmiş təcavüzkarlıqlıq planlarının qarşısını almağa, onun Ukrayna və digər müstəqil dövlətlərə yönəlik işğalçılıq planlarını önləyən tədbirlər görməyə çağırıb.

Printer »»»