ADP İdarə Heyəti ilin son toplantısını keçirib

29.12.2014

Bu gün ADP İdarə Heyəti ilin sonuncu toplantısını keçirilib. 

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə “Azadlıq” rodiosunun Bakı ofisində aparılan yoxlamalar, jurnalistlərin istintaqa cəlb edilməsi faktına münasibət bildirib və radionun fəaliyyətinin məhdudlaşdırılmasına qarşı yönələn bu addımları qətiyyətlə pisləyib.
İdarə Heyəti “Azadlıq” radiosuna qarşı başladılan bu araşdırma və təzyiqləri uzun müddətdən bəri ölkədə azad sözə, mətbuata, sərbəst düşüncəyə, informasiya azadlığına yönəlik həyata keçirilən təzyiq və həbslərin davamı kimi dəyərləndirib və bu faktı mətbuat üzərində total nəzarətin gücləndirlməsi, alternativ informasiyanın qarşısının alınması, fikr plüralizminin sıradan çıxarılması ilə bağlı olduğunu diqqətə çatdırıb. ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin pisləşməsinə, ölkənin beynəlxalq nüfuzunun zədələnməsinə gətirib çıxaran bu hərəkətlərdən narahat olduğunu bildirən partiya yetkililəri hakimiyyəti mərbuat üzərinə basqılardan, alternativ informaiyanın məhdudlaşmasına yönələn hərəkətlərdən çəkinməyə, strateji əməkdaşlıq sferasına daxil olduğu ABŞ-la münasibətləri kəskinləşdirən bu cür cəhdlərdən geri durmağa çağrıb.


İdarə Heyəti Kəlbəcər girovları ilə bağlı qondarma Qarabağ rejiminin çıxardığı məhkəmə hökmündən ciddi narahat olduğunu bildirib və beynəlxalq təşkilatlatları BMT-nin əsir və girovlarla bağlı qətnaməsinin tələblərinə məhəl qoymayan Ermənistan hakimiyyətinə təsir göstərməyə, onların istər əsirlərin saxlanılması, istərsə də onlar haqda insanlığa sığmayan ədalətsiz məhkəmə hökmünün çıxarılması ilə bağlı hərəkətlərinə hüquqi qiymət verməyə çağırıb. Qeyd edilib ki, işğal olunmuş Kəlbəcər Azərbaycanın öz ərazisidir və separatçı rejimin onlar barədə məhkəmə hökmü çıxarması beynəlxalq hüquq normaları ilə bir araya sığa bilməz.

İdarə Heyəti Rusiyanın “Ria-Novosti” agentliyinin Azərbaycanın hərbi sirlərinə dair açıqlama verməsi faktına diqqət çəkərək bu faktın arxasında Rusiya hərbi kəşfiyyatının izlərinin göründüyünü qeyd edib və ölkə başçısını hərbi sirlərimizin yayılmasında, bu sirlərin düşmən Ermənistana ötürülməsində əli olan şəxslər barədə ölçü götürməyə, eyni zamanda hərbi sirlərin qorunması ilə bağlı ciddi tədbirlər almağa çağırıb.

İdarə Heyəti 2014-cü ilin yekunlarına dair fikir mübadiləsi aparıb və ölkədə izlənən siyasətin iqtisadi, siyasi, sosial, insan haqları, demokratiya baxımından geriliklərlə müşahidə olunduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, demokratiyanın qorunması barədə rəsmi bəyanatlardan fərqli olaraq il ərzində demokratik geriləmələr aşkar şəkildə özünü göstərib və Azərbaycan beynəlxalq hesabatlarda anti demokratik ölkələr sırasında birincilik təşkil edib.

Qanunvericilik sahəsində də geriləmələr davam edib, mövcud qanunlara söz mətbuat, fikrir azadlıqlarının məhdudlaşdırılmasına yönəlik əlavə və dəyişikliklər edilib.

Siyai məhbus məsələsinin həlli istiqamətində nəinki real addımlar atılmayıb, əksinə həbs edilən jurnalist, siyasi müxalifət, gənc aktivlər hesabına bu siyahı daha da genişlənib ki, bu faktlar da ölkədə məhkəmə hakimiyyətinin siyasi sifarişlə həyata keçirilməsindən xəbər verən faktlardır.

Xarici siyasət kursunda Rusiya ilə yaxınlaşma, Qərb, o cümlədən ABŞ-la qarşıdurma siyasəti önə keçib ki, bu da H.Əliyevin illər öncəsi başlatdığı balanslaşdırma siyastinin pozulması kimi dəyərləndirməlidir.

Avroatlantik məkana inteqrasiya kursu Avropa dəyərlərinə arxa çevirmək siyasəti ilə əvəzlənib, GUAM-a daxil olan digər ölkələrdən fərqli olaraq Azərbaycan Avropaya inteqrasiyada praktik addımlar atmayıb və etibarlı partniyorluqdan məhrum edilib.

Ölkənin iqtisadi həyatı, sosial yapısı monopoliyanın, yanlış iqtisadi siyasətin ağırlığı altında tərəqqi gücünü itirib, vətəndaşların gündəlik həyatında müsbət dəyişiklilər baş verməyib.

Neftin qiymətinin ucuzlaşması fonunda baş verən gizli bahalaşmalar xalqın onsuz da çətin olan iqtisadi güzəranını iki qat çətinliklərlə üz-üzə qoyub.

Monopoliya, korrupsiya və rüşvətxorluq faktlarının mövcudluğu ölkədə kəskin qütbləşmə yaratmaqla bərabər, iqtisadi, sosial, siyasi sahələrdə dərin və sağalmaz izlərini qoyub.

Qeyri demokratik seçkilər xalqın hakimiyyətə olan inamını sarsıtmaqla yanaşı, avtoritar rejimin güclənməsinə, ölkədə YAP qrupundan ibarət təkhakimiyyətliyin formalaşmasına gətirib ki, bu da demokratiyanın təməl prinsiplərinə daxil olan çoxpatiyalılıq, siyası plüralizm kimi dəyərlərin aradan çıxarılmasına stimul verib.

Dağlıq Qarabağ probleminin həlli istiqamətində göstərilən səylər öz bəhrəsini verməyib, problemin həlli uzun illərdir ki, çıxış nöqtəsindən irəli getməyib, Azərbaycan bu məsələ ilə bağlı haqlı mövqeyini beynəlxalq səviyyədə ortaya qoya bilməyib.
Printer »»»