Qarabağ Blokunu prezidentlərin Soçidəki görüşünü müzakirə edib

13.08.2014

Bu gün ADP-nin qərargahında Sərdar Cəlaloğlunun sədrliyi ilə Qarabağ Blokunun növbəti toplantısı keçirilib. Toplantıda ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. 
Qarabağ Bloku ilk öncə cəbhə xəttində atəşkəsin mütəmadi pozulması fonunda Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə ötən həftə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşünü müzakirə edib.
Müzakirələrdə Soçi ərəfəsində cəbhə xəttində gərginliyin artırılması bu görüşü təşkil etmək üçün Rusiya tərəfindən həyata keçirilən məqsədyönlü təxribat, bu görüşün daha çox Rusiyanın Cənubi Qafqazda öz ambisiyalarını həyata keçirmək, bölgədə öz nüfuz dairəsini genişləndirmək, Ermənistanı onun regiondakı forpostu olmaq statusunda saxlamaq, Azərbaycanı Avroatlantik məkana inteqrasiya olunma cəhdlərinin qarşısını almaq niyyəti kimi dəyərləndirilib, Dağlıq Qarabağ probleminin sülh yolu ATƏT-in Minsk qrupu çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll olunmasının vacibliyi qeyd edilib, eyni zamanda siyasi oyunlara vətəndaşların həyatlarının qurban verilməsi, Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağı yalnız ritorika ilə müdafiə etməsi və əməli işdə isə çox ciddi nöqsanların olduğu qətiyyətlə pislənilib.
Qarabağ Bloku son vaxtlar bir sıra qeyri-hökumət təşkilatlarına qarşı basqıların artmasından, onların rəhbərlərinin izlənilməsi, ofislərində axtarışlar aparılması və QHT rəhbərlərinə qarşı həbs qətimkan tədbirlərinin seçilməsində ölkə və beynəlxalq hüquq normalarının kobud şəkildə pozuntularına yol verilməsindən ciddi narahat olduğunu diqqətə çatdırıb və bu təzyiqləri vətəndaş cəmiyyəti institutlarına, insan hüquq və azadlıqlarına qarşı repressiv addım kimi dəyərləndirib. Qeyd edilib ki, vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinə qarşı həyata keçirilən kütləvi həbslər ölkəmizin Avroatlantik məkana inteqrasiyasına qarşı sədd olmaqla bərabər, avtoritar Rusiyanın Azərbaycanda həyata keçirmək istədiyi siyasətə dolayı yolla xidmətdən başqa bir şey deyil və cəmiyyətimizin demokratik inkişafını əngəlləyən faktor rolunu oynayır.
Qarabağ Bloku son vaxtlar Azərbaycanın tarixi torpaqları olan Rusiyanın Dağıstan Respublikasında və Gürcüstanın Borçalı mahalında azərbaycanlıların yerli özünüidarə subyektlərində, dövlətin və cəmiyyətin həyatında iştirak hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətləri qətiyyətlə pisləyib, bunu ayrı-seçkilik və diskriminasiya kimi dəyərləndirib. Blok iştirakçıları azərbaycanlıların hüquqlarının yaşadıqları dövlətin qanunları və beynəlxalq hüququn tələbləri çərçivəsində təmin edilməsi naminə Azərbaycan hakimiyyətini bu məsələlərə xüsusi diqqət ayırmağa çağırıb.  
Qarabağ Bloku qardaş Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirib. Blok iştirakçıları Türkiyənin gələcək həyatında böyük rol oynayan bu seçkiləri təqdirə layiq hesab edib və seçkilərdən əldə olunan nəticənin xalqın xeyrinə olacağına, Yaxın və Orta Şərqdə Türkiyənin nüfuzunun möhkəmlənməsinə, regionda sülhün və təhlükəsizliyin qarantı rolunda çıxış etməsinə, qardaş ölkədə demokratik dəyərlərin qorunmasına xidmət edəcəyinə əminliyini ifadə edib.
Qarabağ Bloku dünya şöhrətli cərrah, türkoloq, Tehranda dərc olunan “Varlıq” dərgisinin təsisçisi, milli düşüncənin inkişafı naminə çoxlu sayda kitabların müəllifi, Doktor Cavad Heyətin vəfatı ilə əlaqədar o taylı, bu taylı millətimizə, eləcə də bütün Türk dünyasına başsağlığı verib. 
Qarabağ Bloku Doktor Cavad Heyətin vəfatını Azərbaycan xalqının böyük itkisi kimi dəyərləndirərək bundan təəssüf hissi keçirdiyi və bütün azərbaycanlıları Doktor Cavad Heyətin xalqına, millətinə xidmətindən nümunə götürməyə çağırıb. 

Printer »»»