ADP BMT-DƏ İSLAM DÜNYASINA VETO HÜQUQU TƏLƏB ETDİ

14.04.2013


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Ukrayna hadisələrinə bir daha diqqət yetirən İdarə Heyəti son günlər bu ölkədə cərəyan edən hadisələrin Yaxın Şərq ssenarisi üzrə inkişaf etməsindən narahatlığını ifadə edib. İdarə Heyəti Ukraynada vətəndaş müharibəsinin başlayacağı təqdirdə bu hadisələrin keçmiş SSRİ respublakılarına, o cümlədən Rusiyanın ərazisinə yayılması və bu hadisələrin Yaxın Şərqdə baş verən hadisələrin nəticələrindən də ağır nəticələrə səbəb olacağı riskinin böyük olduğunu nəzərə alaraq beynəlxalq ictimaiyyəti Ukraynanın öz ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində hər cür - siyasi, iqtisai və hərbi dəstək verməyə çağırıb.
İdarə Heyəti Ukraynada baş verən hadisələrlə bağlı Azərbaycan hakimiyyətinin mövqeyinə, o cümlədən dövlətçilik maraqlarımıza zidd mövqe nümayiş etdirən bəzi deputatlar - Mixail Zabelin, Eldar İbrahimov və Sabir Hacıyevin hərəkətlərinə siyasi və hüququ qiymətin verilməsinin vacibliyini qeyd edib. İdarə Heyəti indiki həssas bir dönəmdə hətta müxalif siyasi qüvvələrin hakimiyyətlə eyni bir mövqedən çıxış etdiyi halda, bu deputatların təmsil olunduqları hakimiyyətin mövqeyinə qarşı müxalif olmalarını hakimiyyətin monolit olmadığının göstəricisi, eyni zamanda başqa dövlətlərin maraqlarına xidmət edən qüvvələrin hakimiyyətdə təmsil olunmasını ölkədə azad, ədalətli və demokratik seçkilərin keçirilməməsinin nəticəsi kimi dəyərləndirib. İdarə Heyəti Milli Məclisin sədrindən Azərbaycan dövlətçiliyinin maraqlarına zidd mövqe nümayiş etdirən adı çəkilən deputatlar barədə ölçü götürməyə çağırıb.

İdarə Heyəti işğal altında olan Azərbaycan torpaqlarında, o cümlədən Zəngilan, Laçın və Kəlbəcər rayonlarında erməni işğalçıları tərəfindən suriyalı erməni ailələrinin yerləşdirilməsi məsələsini müzakirə edərək, bu hadisəni atəşkəs rejiminin tələblərinin kobud şəkildə pozulması, işğal olunan ərazilərin ilhaq edilməsi və Ermənistanın işğal və ilhaq siyasətinin möhkəmləndirilməsi kimi dəyərləndirib. İdarə Heyəti ATƏT-in Minsk Qrupunu üzərinə götürdüyü sülh danışıqları missiyasına zərbə vuran bu hadisələrə münasibət bildirməyə çağırıb.
İdarə Heyəti son vaxtlar Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan arasında hərbi ittifaqın yaradılması ilə bağlı məlumatlara da münasibət bildirib. İdarə Heyəti bu hadisəni alqışlayaraq, əməkdaşlığın yeni müstəviyə qaldırılması istiqamətində daha ciddi addımların atılmasını və bu əməkdaşlıqda maraqlı olan başqa islam dövlətlərinin də adı çəkilən hərbi birliyə dəvət olunmasını məqsədə müvafiq hesab edib.
İdarə Heyəti Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum edilməsinin vacibliyini bir daha qeyd edərək, Rusiyanın əvəzinə İslam dqünyasını təmsil edən bir dövlətə bu hüququn verilməsini məqsədə müvafiq hesab edib. Müzakirələrdə qeyd edilib ki, bu gün dünyada əsas münaqişələr mədəniyyətlərarası müstəviyə keçdiyinə görə BMT-nin Təhlükəsizlik Şurasında xristian dünyasını ABŞ, Fransa, Rusiya və Böyük Britaniya, budizm dünyasını Çin təmsil etdiyi halda, İslam dünyasını da təmsil edən bir dövlətin bu hüquqa malik olması təşkilat olaraq BMT-də, ümumilikdə isə dünyada ədalətin bərpası olardı. İdarə Heyəti bütün islam dövlətlərini bu məqsəd uğrunda səylərini birləşdirməyə çağırıb.
İdarə Heyəti Misirdə hərbi xuntanın məhkəmələrinin hamilə qadınlar da daxil olmaqla yüzlərlə insanı ölüm cəzasına məhkum ertməsini və Şimali Koreya diktatorunun öz siyasi opponentlərinə qarşı beynəlxalq hüququn bütün tələblərinə zidd şəkildə vəhşi hərəkətlərə yol verməsini qətiyyətlə pisləyib bu hərəkətlərin siyasi münasibətlərdə yolverilməz olduğunu bildirib, beynəlxalq ictimaiyyəti Şimali Koreyada və Misirdə baş verənlərə daha həssas yanaşmağa, Misirdə edam hökmlərinin ləğv edilməsi, Şimali Koreya diktatorunun isə beynəlxalq məhkəməyə verilməsinə istiqamətində səyləri birləşdirməyə çağırıb.
Sonda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Printer »»»