QARABAĞ BLOKU VƏTNDAŞLARIN MÜLKİYYƏT HÜQUQUNUN QORUNMASINA ÇAĞIRDI

12.02.2014

Bu gün ADP Mərkəzi qərargahında Qarabağ blokunun növbəti iclası keçirilib. İclasda dünyada və ölkədə baş verən bir sıra ictimai-siyasi proseslər müzakirə obyekti olub.
İclasda Ukrayna hadisələrinə bir daha diqqət ayrılıb. Müzakirələrdə Ukraynada baş verən hadisələrin uzanmasından narahatlıq ifadə edən blok iştirakçıları, bunun səbəbi kimi Qərbin və Avropanın Ukrayna hadisələrinə münasibətdə vahid mövqedən çıxış etməməsi, Avropa Birliyinə inteqrasiya prosesində siyasətlərini uzlaşdıra bilmədiklərini göstərib, eyni zamanda Qərbin və Avropanın istər Yaxın Şərq hadisələri, istərsə də Ukrayna hadisələrinə münasibətdə fəal dəstək verməsinin məqsədə müvafiq olduğunu qeyd edib.
Müzakirələrdə Avropa Parlamentinin Ukraynadakı siyasi durumla bağlı - aksiya iştirakçılarına qarşı zor tətbiq edən məmurlara, deputatlara, oliqarxlara qarşı ünvanlı sərt sanksiyalar tətbiq edilməsi, adı çəkilən şəxslərin Avropa ölkələrinə səfərlərinə imkan verilməməsi, onların daşınmaz əmlakına və maliyə aktivlərinə həbs qoyulmasına dair qəbul etdiyi qətnaməni təqdir etmiş, eyni zamanda təkcə inqilabi stiuasiyalarda deyil, insan hüquq və azadlıqlarının pozulduğu, korrupsiya və rüşvətxorluğun mövcud olduğu digər postsovet dövlətlərilə bağlı da analoji qərarların qəbul edilməsinin vacibliyini qeyd edib.
Soçi Qış Olimpiya oyunlarının açılışı zamanı Azərbaycanın xəritəsinin təqdimatında Dağlıq Qarabağın və Gürcüstanın ərazisini əks etdirən xəritənin təqdimatında isə Cənubi Osetiya və Abxaziyanın üstündə “ağ duman”ın görünməsi məsələsinə münasibət bildirən blok iştirakçıları bu hərəkəti Rusiya tərəfindən Azərbaycan və Gürcüstana qarşı yönələn təxribat, hər iki dövlətin ərazi bütövlüyünə qəsd kimi dəyərləndirib, eyni zamanda qeyd edilib ki, Rusiya tərəfindən atılan bu addım bir daha sübut edir ki, Cənubi Qafqazın bu iki dövlətinin ərazisində baş verən separatist hərəkətlərinin arxasında Rusiya dayanır. Blok iştirakçıları Rusiyanın bu hərəkətinə etiraz əlaməti olaraq Azərbaycan hakimiyyətini adı çəkilən ölkəyə nota göndərməyə  və bu hərəkətdən dolayı Soçi Qış Olimpiya oyunlarını baykot etməyə çağırıb.
Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsinin hazırlanması məsələsini müzakirə edən blok iştirakşıları bu addımın cəmiyyət üçün deyil, hakimiyyətdə təmsil olunan yüksək çinli dövlət məmurlarının korrupsiya yolu ilə əldə edilən vəsaitlərinin leqallaşdırılmasına, korrupsionerlərin himayə olunmasına xidmət edəcəyini bildirib və belə bir addımın yalnız ölkədə demokratik yolla hakimiyyət dəyişikliyindən sonra atılmasının zəruriliyini diqqətə çatdırıb. 
Blok iştirakçıları keçmiş “sovetski” küçəsində mənzillərin sökülməsi ilə bağlı vətəndaşlar arasında yaranan ciddi narazılıqlara münasibət bildirib və vətəndaşların razılığı olmadan ayrı-ayrı tikinti şirkətləri və ya dövlət qurumları tərəfindən həmin mənzillərin istədikləri qaydada qiyməıtləndirlməsini onların mülkiyyət hüququna qəsd kimi dəyərləndirib. Blok iştirakçıları hakimiyyəti vətəndaşların mülkiyyət hüququnun qəsdinə yönəlmiş bu hərəkətlərdən çəkinməyə, yalnız onların razılığı əsaasında qiymətləndirmədən sonra həmin mənzillərin boşaldılmasının məqsədə uyğun olduğunu nəzərə almağa çağırıb və vətəndaşların öz hüquqlarının pozulması ilə bağlı konstitusiya məhkəməsinə müraciət etməsinin vacibliyini qeyd edib.

Printer »»»