Bu gün ADP Mərkəzi Qərargahında Qarabağ Blokunun növbəti iclası keçirilib

29.01.2014

Bu gün ADP Mərkəzi Qərargahında Qarabağ Blokunun növbəti iclası keçirilib. İclasda ölkə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi məsələlər müzakirə edilib. Blok iştirakçıları ilk növbədə son günlər Ermənistan silahlı qüvvələri tərəfindən elan olunmuş atəşkəs rejiminin ardıcıl şəkildə pozulması nəticəsində ordumuzda baş verən itkilərdən ciddi narahat olduğunu bildirib.
Qarabağ probleminin sülh yolu ilə həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərinin baş verən hadisələr fonunda səssizlik nümayiş etdirməsinə diqqət çəkən blok iştirakçıları münaqişənin daha da dərinləşməsinə xidmət edən bu intensiv hücumların arxasında Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunması yolunda başlıca əngəl  olan Rusiya faktorunun durduğunu qeyd edib və beynəlxalq təşkilatları erməni təcavüzkarlığından irəli gələn hərbi hucumlara son qoymağa səsləyib.
Blok iştirakçıları indiki şərtlər daxilində münaqişənin yenidən aktivləşməsinin milli maraqlara zidd olduğunu və bu gərginləşmənin arxasında məlum güclərin durduğunu əsas götürərək iqtidarı Qarabağ probleminin həlli ilə bağlı üçüncü tərəfin təxribatlarına uymamağa çağırıb.
İclasda son vaxtlar radikal dini qrupların fəallaşmasına, “Meşə qardaşları” və ”Ceysullah” adı ilə tanınan qatı cərəyanların Azərbaycanı terrorla təhdid etmələrinə xüsusi diqqət yetirib. Blok iştirakçıları Azərbaycanda qeyri ənənəvi dini təriqətlərin sürətlə tərəfdar toplamasının səbəbləri kimi ölkədə vicdan azadlığının pozulmasının geniş xarakter alması, QMİ-nin tam siyasiləşməsi və dini maarifçilik  sahəsində heç bir iş görülməməsi, ölkədə demokratik qüvvələrin ictimai-siyasi həyatydan sıxışdırılması, dövlət sektorunda bütün səviyyələrdə təhsilin keyfiyyətinin aşağı düşməsini diqqətə çatdırıb.
Blok iştirakçıları cəbhədə baş verənləri və ölkədə təhlükəsizlik  və sabitliyin təhdid altında olduğunu nəzərə alaraq hakimiyyəti milli həmrəyliin gücləndirlməsi istiqamətində səylər göstərməyə və  iqtidarla müxalifət arasında dialoqa başlmağa çağırıb.
Blok iştirakçıları Ukraynada yaşanan hadisələrin getdikcə dərinləşməsindən, arxasında Putin Rusiyasının durduğu Yanukoviç hakimiyyətinin xalq etirazlarına məhəl qoymadan bu ölkənin Avropa evinə inteqrasiya olunmasına dirəniş göstərməsindən və bu səbəbdən hadisələrin dinc məcradan çıxaraq ölkədə vətəndaş qarşıdurması həddinə çatmasından narahat olduğunu bildirib. Qeyd olunub ki, beynəlxalq təşkilatlar, Avropa dövlətləri postsovet ölkələrinin sonrakı taleyində mühüm əhəmiyyət kəsb edən, demokratiyanın avtoritarizmdən qorunmasının səngər döyüşlərini xatırladan Ukrayna hadisələrinə həssas yanaşmalı, Avropanın ayrılmaz tərkib hissəsi olan Ukrayna xalqının demokratik dəyərlər uğrunda başlatdığı mübarizəsinə  axıra qədər dəstək olmalıdır.
Blok iştirakçıları VHP-nin üzvü, “Axın” hərəkatının təsisçisi, gənc fəal Ö.Qəmbərovun narkotik ittihamla həbs olunmasınından ciddi narahat olduğunu bildirib, bu hadisəni hakimiyyətin uzun müddətdən bəri, azad düşüncəyə, sərbəst fikrə, demokratik qüvvələrə, gənc fəallara qarşı başlatdığı repressiya və həbs siyasətinin davamı kimi dəyərləndirib və hakimiyyəti ölkədə insan haqlarına, demokratik dəyərlərə, vətəndaşların konstitusion hüquqlarına hörmətlə yanaşmağa, siyasi sifarişli həbslərə son qoymağa və həbs edilən gənc fəal Ö.Qəmbərovu dərhal azadlığa buraxmağa çağırıb.
Blok iştirakçıları Iranda  milli azlıqların milli dildə tədrisi məsələsinə münasibət bildirib və İran dövləti tərəfindən atılan bu proqressiv addımın İranda yaşayan digər xalqlar kimi, ölkə əhalisinin baza hissəsini təşkil edən cənublu soydaşlarımızın da əsrlərdən bəri yasaqlanan milli haqlarının, öz dilində yazmaq, oxumaq, mədəni irsinə yiyələnmək kimi hüquqlarının bərpasına vəsilə olduğuna əminliyini ifadə edib və İran prezidentini təkcə doğma dildə təhsil almaq sahəsində deyil, milli haqların bütün parametrlər üzrə tam təmin edilməsi istiqamətində siyasi iradə nümayiş etdirməyə çağırıb.
Blok iştirakçıları sonda M.Rəsulzadənin anadan olmasının 130 iliyi ilə bağlı Qarabağ blokunun tədbirlər planını müzakirə edib. 

Printer »»»