İlyas İsmayılovun müraciətinə ADP-dən dəstək

22.11.2013

Taliyət Əliyev: "Bu məsələdə MSK sədri Məzahir Pənahovun da məsuliyyəti var" Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun deputat-rektorların qanunsuz mandat gəzdirmələri barədə Konstitusiya Məhkməsinə müraciətinə demək olar ki, cəmiyyətin bütün sferalarından olduğu kimi siyasi partiyalardan da dəstək gəlməkdədir. ADP sədrinin müavini, seçki texnoloqu, hüquqşünas Taliyət Əliyev də Ədalət sədrinin tamamilə haqlı olduğu qənaətindədir: "Hesab edirəm ki, İlyas müəllimin deputat rektorların mandatlarının ləğv edilməsi ilə bağlı çıxışında və parlamentdə təmsil olunan rektor deputatların səlahiyyətlərinin azaldılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciətində haqlıdır.
Bu müraciətin əsasında hüquqi arqumentlər dayanır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 85-ci maddəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər bölümündə konkret olaraq göstərilib ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Əslində bu kateqoriyalara aid olan deputatların deputat seçilməsinin özü qanunsuzluqdur. Çünki, hamıya məlumdur ki, İlyas müəllimin adlarını qeyd etdiyi rektor deputatlar ödənişli fəaliyyətlə məşğuldurlar.
Bu məsələdə sözsüz ki, MSK-nın və onun sədri M.Pənahovun da məsuliyyəti var. Digər tərəfdən, xatırlatmaq istəyirəm ki, deputatlığa namizəd seçki kampaniyası zamanı namizədliyinin həm təsdiq olunması və həm də qeydə alınması üçün müvafiq seçki komissiyasına öhdəlik ərizəsi təqdim edir və həmin ərizədə deputat seçiləcəyi təqdirdə həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyini öhdəsinə götürür. Əslində bu problem bir neçə dəfə qaldırılıb, amma təəssüflər olsun ki, ölkədə qanunun aliliyi prinsipinə hörmət qoyulmadığından bu suallar havadan asılı vəziyyətdə qalıb."

Printer »»»