Sərdar Cəlaloğludan mədəni-maarif islahatları KONSEPSİYASI

05.10.2013

İslahatların məqsədi: Mədəni-maarif islahatları vətəndaşların mədəni və təhsil səviyyəsinin yaxşılaşdırılmasına onların ölkənin mədəni, elmi və incəsənət həyatında iştirakına, yeni istedadların üzə çıxarılmasına, maddi nemətlərin əldə edilməsində mənəvi fəaliyyətin gücləndirilməsinə, ölkədə dinin, incəsənətin, elmin və təhsilin inkişafına, mədəniyyətin iqtisadiyyatın, birgə yaşayış institutlarının, hüququn, dövlətin, adətlərin, biliyin, elmin inkişafında payının artırılmasına nail olmaqdır.
Milli mədəniyyətin tərkib vahidi: Milli fəaliyyətin bütün sferalarını öz ətrafında birləşdirən milli mədəniyyətin təşkiledici tərkib vahidi kimi demokratikləşmə müəyyən olunur.

Mədəniyyət funksiyalarının sahəsində islahatların istiqamətləri:


1.      Məlumat funksiyası ilə bağlı islahatlar:

-          Vətəndaşlarda mədəni irsə düzgün münasibətin formalaşdırılması ilə bağlı tədbirlər görmək;

-          Təhsil prosesində mədəniyyətin öyrənilməsinə diqqəti artırmaq;

-          Müstəqilliyə və demokatikləşməyə cavab verən yeni milli kodlaşdırmaya keçid. Həqiqi milli idealların müəyyən edilməsi, öyrənilməsinin, təbliğ edilməsinin gücləndirilməsi;

-          Azərbaycan türk dilinin qorunması, inkişaf etdirilməsi, öyrənilməsi ilə bağlı dövlət tədbirləri görmək;

-          Digər türk dilləri ilə Azərbaycan dilinin zənginləşdirilməsi, ortaq türk dili ideyasını reallaşdırmaq;

-          Azərbaycan millətini təşkil edən etnik qrupların - talışların, ləzgilərin, kürdlərin, avarların, udinlərin, zaxorların və s. dillərinin öyrənilməsi, tədrisi və qorunması ilə bağlı dövlət tədbirləri görmək;

-          Elmin inkişafı ilə bağlı dilin milli terminoloji bazasının yaradılması;

-          Təhsildə, elmdə dilin rolununu artırmaq tədbirləri;

-          Xarici ölkələrdə dilin öyrənilməsi ilə bağlı dövlət proqramları həyata keçirmək, diasporlarda ana dilində təhsili təşkil etmək;

-          Milli dildə elmi terminologiyanın inkişaf etdirilməsi;

-          Bəşəri dəyərlərin azadlıq, ədalət və bərabərlik ideyalarının təbliği ilə bağlı dövlət proqramaları hazırlayb həyata keçirmək;

-          Vətəndaşların davranış və fəaliyyət qaydalarının və tələblərin müəyyənləşdirilməsi. Müxtəlif peşə və davranış kodekslərin təbliği və tətbiqi;

-          Gender dözümlülüyünün təbliği, qadına və uşağa olan münasibətin normativ aktlarının hazırlanması;

-          Əyləncə və asudə vaxtın təşkili ilə bağlı dövlət proqramı həyata keçirmək. Ucuz əyləncənin ləğv edilməsi, ciddi əyləncənin inkişaf etdirilməsi. İstehsal və istehlak mədəniyyətinin inkişaf etdirilməsi. İzafiliyin, cah-cəlalın, yüngül həyat tərzinin qarşısını alan dövlət tədbirlərini həyata keçirmək;

-          Vətəndaşların öz davranış və fəaliyyətlərində düzgün seçiminə yardim edən dövlət tədbirləri görmək.

2.      Mədəniyyətin kommunikativ funksiyası ilə bağlı islahatlar:

-          Biliyin, təcrübənin cəmiyyətdə dövriyyəsini təmin edən dövlət tədbirləri görmək;

-          Qarşılıqlı anlaşma və birgəyaşayışın təmin edilməsində mədəniyyətin rolunun artırılması;

-          KİV-nin mədəni funksiyaların yerinə yetirilməsində rolunu artırmaq.

3.      İnteqrativ funksiya ilə bağlı islahatlar:

-          Təşkilatlanma, özfəaliyyət qabiliyyətinin inkişaf edirilməsi, siyasi mədəniyyətin inkişafına yönəlik dövlət tədbirləri görmək. Siyasi dialoqu inkişaf etdirmək;

-          Nəsillərarası əlaqələrin gücləndirilməsinə yönəlmiş dövlət proqramını reallaşdırmaq;

-          Mədəniyyətin birliyinə nail olmaqla dövlətin əsaslarını möhkəmləndirmək;

-          Texnologiya elm və incəsənətin əlaqələndirilməsində mədəniyyətin rolunu artırmaq;

-          Mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi anti assimilyasiya tədbirləri görmək, başqa mədəniyyətlərlə milli mədəniyyəti zənginləşdirmək. Mədəniyyətlərarası dialoqun genişləndirilməsi;

-          Ümuminsanlıq mədəniyyətinin formalaşmasında milli mədəniyyətimizin yerini, rolunu və payını artırmaq.

4.      Mədəniyyətin adaptiv funksiyası ilə bağlı islahatlar:

-          Azərbaycanın fiziki coğrafiyasına uyğun mədəni vahidlərin inkişaf etdirilməsi;

-          Vətəndaşlarda fərqli coğrafi şəraitlərdə yaşam təcrübəsini inkişaf etdirmək;

-          Regional mədəniyyətin qorunması, saxlanması və öyrənilməsi ilə bağlı dövlət tədbirləri görmək;

-          Çətin coğrafi şərtlərdə asan yaşamağın öyrədilməsi ilə bağlı dövlət proqramı həyata keçirmək.

5.      Mədəniyyətin sosiallaşdırma funksiyası ilə bağlı islahatlar:

-          Vətəndaşın cəmiyyətin tam dəyərli üzvü olmasına xidmət edən tədbirlər həyata keçirmək, siyasi və ictimai aktivliyin artırılmasına nail olmaq. Referendumların keçirilməsini intensivləşdirmək, seçkili orqanların sayının artırılması ilə vətəndaşın sürəkli olaraq seçki proseslərinə daxil olmasını təmin etmək;

-          Vətəndaşların dövlətin və cəmiyyətin həyatına daxil edilməsinin dövlət proqramını hazırlamaq;

-          İctimai və dövlət həyatında iştirak hüququnun qanunverici bazasını təkmilləşdirmək;

-          Miqrasiyanın, assosializasiyanın qarşısını alan, reabilitasiya tədbirlərinin görülməsi. İslah işlərinin təkmilləşdirilməsi. Həbsxanaların beynəlxalq standartlara uyğun yenidən qurulması;

-          Ailənin, məktəbin və məscidin ictimai tərbiyədə rolunu gücləndirmək;

-          Siyasi partiyaların, qeyri-formal qrupların, həmkarlar təşkilatlarının, KİV-nin, məktəblərin, təhsil müəssisələrinin və s. vədəndaşların sosiallaşmasında rolunun artırılmasına nail olmaq;

-          Asudə vaxtın səmərəli keçirilməsi, iş vaxtının effektliyini təmin edən və volenter hərakatını stimullaşdıran dövlət tədbirləri görmək;

-          Kütləvi idman növlərinin inkişaf etdirilməsi, spartakiadaların təşkili;

-          İdmanda tolerantlığın tərbiyə edilməsi;

-          Turizmin, səyahətin, gəzintilərin təşkili ilə bağlı dövlət tədbirləri həyata keçirmək;

-          Hakimiyyətin dinc ötürülməsinin qanunverici əsaslarının təkmilləşdirilməsi;

İctimai mədəniyyət: Birgəyaşayış normalarının təkmilləşdirilməsi. Milli həmrəylik ruhunun aşılanması. Cəmiyyətdə tolerantlığın inkişaf etdirilməsi. Vətəndaşlarda davranış mədəniyyətinin yüksəldilməsi.

Mədəni irsə qayğı: Müzey şəbəkələrinin genişləndirilməsi. Muzeylərin vətəndaşların zövqlərinin formalaşdırılmasında rolu artıran dövlət proqramı həyata keçirmək. Müzeylərin saxlanmasına, qorunması əllərdə olan maddi mədəniyət nümunələrinin alınmasına dövlət dotasiyaları ayırmaq. Xaricə qeyri-qanuni yola çıxarılmış və ya tarixən xaricə aparılmış Azərbaycan xalqına məxsus maddi-mədəniyyət nümunələrinin geriyə qaytarılması üçün zəruri dövlət proqramı həyata keçirmək. Tarixi abidələrin aşkarlanması, bərpası və istifadəsinə yönəlik dövlət proqramı həyata keçirmək. Milli mədəniyyətin ayrı-ayrı sahələrinin və ya nümunələrinin başqa xalqların adına çıxarılmasına qarşı effektli hüquqi, təşkilati və təbliğati işlərlə bağlı tədbirlər görmək. Təbii abidələrin qorunması haqqında qanunverici aktların qəbul edilməsinə nail olmaq. Turizmin inkişafı və xaricdə sərgiləməklə maddi irsin təbliği. Elmi irsin qorunmasına yönəlmiş dövlət tədbirləri həyata keçirmək. YUNESKO və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməklə Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtmaq və sevdirmək.

Elm:

-          Elmə büdcədən ayrılmaları minimum 2-3 faizə çatdırmaq;

-          Elmin təşkilini yenidən qurmaq, elm-istehsal, elm-konstruktor şəbəkələrini genişləndirmək;

-          Nəzəri və humanitar elmlərin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirmək, elmi ideyaların ticarətini təşkil etmək;

-          Dövlət və özəl sektorun sifarişləri əsasında elmi tədqiqatları stimullaşdırmaq;

-          Məktəb və universitetlərdə şagird və tələbələrin elmi yaradıcılığının inkişaf etdirilməsi ilə bağlı tədbirlər görmək.

Təhsil:

-          Sürəkli olaraq təhsilin bağça-məktəb-universitet sisteminə keçilməsi;

-          Təhsilin demokratikləşməsi, dərslərin, müəllimlərin və təhsil ocaqlarının seçilməsinə azadlıq verilməsi;

-          Demokratik dəyərlərin orta və ali məktəblərdə öyrədilməsi, təbliğ edilməsi;

-          Xarici ölkələrlə tələbə və müəllim mübadiləsini təşkil etmək;

-          Xarici ölkələrdə təhsil hüququ qazanmış tələbələrin dövlət hesabına təhsil almasını təmin etmək;

-          Xaricə sifarişli kadr hazırlığı ilə bağlı tələbələrin göndərilməsi;

-          Təhsilin Avropa standartlarına uyğunlaşdırılması;

-          İnanclarına uyğun təhsil almaq istəyənlər üçün xüsusi məktəblərin tikilməsi;

-          Uşaq evlərində yaşayan uşaqların cəmiyyətə qaytarılması ilə bağlı dövlət proqramı işləyib həyata keçirmək;

-          Məktəb direktorlarının, rektorların, sinif nümayəndələrinin seçkili olmasına keçmək. Şagird və tələbələrin direktor və rektorların seçilməsində iştirakını təmin etmək;

Din:

Din dövlətdən ayrı, cəmiyyət dinlə birlikdədir. Dövlətdə dini dözümlülüyün inkişaf etdirilməsi, müxtəlif dini sektaların yanaşı mövcudluğunu, inkişafını müəyyən edən dövlət tədbirləri həyata keçirilir. Dinin dünyəvi, siyasətin dini işlərə müdaxiləsinə yol verilmir. Dini təşkilatllanma Qurani-Kərimin tələblərinə uyğun reallaşdırılır. Dinlər arası dialoq təşviq edilir. Cəmiyyətin, şəxsiyyətin və dövlətin maraqlarına zidd dini fəaliyyət qadağan edilir. İslam ölkələri ilə hərtərəfli əməkdaşlığa və həmrəyliyə diqqət artırılır. Dini fəaliyətin yeni normativ tənzimləyici aktları hazırlanır. İbtidai təhsildən başlayaraq dini biliklər təhsil proqramlarına daxil edilir. İnsanların öz inanclarının uyğun yaşamasına hər hansı müdaxilə qanunla təqib olunur. Dini sektaların xarici dövlətlərdən və qüvvələrdən asıllığı qadağan edilir. Dini dəyərlərin, dini təlimin yayılmasına, məscidlərin və digər dini obyektlərin tikilməsinə dövlət yardımı göstərilir. Rəsmi dövlət KİV-də mütərəqqi dini təbliğat proqramı həyata keçirilir. Tarixi dəyəri olan dini obyektlər dövlət himayəsində qorunur, təmir edilir və nəzarətə alınır.

Mədəniyyətin disfunksiyası ilə bağlı islahatlar:

-          Milli, dini və bəşəri dəyərlərə zidd dəyərlərin - cinayətkarlığa, zorakılığa, inqilaba, müharibəyə çağırışın və təbliğinin qadağan olunması;

-          Mədəniyyətin təbiətə, cəmiyyətə, dövlətə və vətəndaşa ziyan vuran bütün mənfi təsirlərindən qoruyan effektli hüquqi təşkilati və tərbiyəvi işlərin görülməsi.


Printer »»»