Bazar ertəsi Sərdar Cəlaloğlunu niyyətindən daşındırmağa calışacaqlar

12.10.2013

Taliyət Əliyev: “Saxtakarlıqla müşayət olunan seçkilərin nəticəsinə görə qərar verilməsini başa düşmürəm” Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun ötən gün istefa verməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Deyəsən, elə partiya daxilində də çoxları bu istefanı anlamaqda çətinlik çəkir. Hətta partiya sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev də Sərdar Cəlaloğlunun sədrlikdən istefa vediyini mətbuatdan öyrənib. Görəsən həftənin bazar ertəsi keçiriləcək İdarə Heyətinin iclasında Sərdar Cəlaloğlunun istefası qəbul olunacaqmı? Bu zaman Taliyət Əliyevin özünü sədrliyə namizədlər arasında görə biləcəyikmi? Moderator.az-a açıqlamasında Taliyət bəy bildirdi ki,həftənin bazar ertəsi bütün suallara cavab tapılacaq: 

“Sərdar bəyin istefası partiya daxilində birmənalı qarşılanmayıb. Bu istefanı təqdir edənlər də var, əleyhinə olanlar da. Gələn həftənin birinci günü ADP İdarə Heyətinin toplantısı olacaq. Bu toplantıda Sərdar bəyin istefası məsələsi müzakirə olunacaq və İdarə Heyətinin istefanı qəbul edib-etməməsi məsələsi aydınlaşacaq. Əgər İdarə Heyəti istefanı qəbul etməsə və Sərdar bəyi istefa niyyətindən daşındıra bilsək hər şey köhnə qaydasında davam edə bilər. Yox, əgər bu baş verməsə, onda partiya Nizamnaməsinə görə ADP Ali Məclisinin sessiyası çağırılmalı və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmalıdır. Şəxsən mənim mövqeyim bundan ibarətdir ki, əgər doğrudan da Azərbaycanda azad, ədalətli, bərabər və demokratik prinsiplərlə keçirilən seçkilərin nəticəsində Sərdar bəy bu günkü nəticələri qazansaydı, onun ADP sədrliyindən istefa verməsini siyasi mədəniyyət nümunəsi kimi dəyərləndirər və bunu alqışlayardım. Amma, ölkədə kobud qanun pozuntuları ilə, qeyri-bərabər, qeyri-şəffaf və Konstitusiyaya, Seçki Məcəlləsinə və beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərə zidd şəkildə keçirilən seçkilərin nəticəsi olaraq Sərdar bəyə verilən səslərə görə istefa verməsini başa düşmürəm.”
Printer »»»