ADP RUSİYA PAYTAXTINDA BAŞ VERƏNLƏRİ PİSLƏDİ

19.10.2013

Son günlər Rusiya Federasiyasında baş verən məlum hadisələrlə bağlı ADP bəyanat qəbul edib:
“ADP, Rusiyada adi bir cinayət hadisəsini siyasi qalmaqal və şouya döndərilməsini Putin hakimiyyətinin mahiyyətindən doğan ksenofobiya, başqa xalqlara qarşı düşmənçilik siyasətinin növbəti təzahürü kimi qiymətləndirir, cinayətdə şübhəli bilinən Azərbaycan vətəndaşına qarşı aşırı zor tətbiq edilməsini qətiyyətlə pisləyir  və Rus xalqının, onun görkəmli ziyalılarının bu səhnəni sakitçə seyr etməsindən təəssüfləndiyini bildirir. ADP bildirir ki, Rusiya öz qonşuları ilə təzyiq dilində danışmağa adət edib, lakin müasir dünyada artıq belə siyasətə yer olmamalıdır.
Qonşularla münasibətlər beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmalı, insan hüquq və azadlıqları isə hamı tərəfindən qorunmalıdır.” deyə bəyanatda qeyd olunur.
Partiya həmçinin “Azərbaycan hakimiyyətini Rusiyada yaşayan vətəndaşlarımızın hüquqlarının qorunması istiqamətində ciddi fəaliyyət göstərməyə, ümumiyyətlə xaricdə çalışan həmvətənlərimizlə bağlı aparılan yarıtmaz fəaliyyətin təcili olaraq dəyişdirilməsinə çağırıb.”

H.RÜSTƏMOV ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏN DANIŞIB   

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov Azərbaycan rəsmiləri ilə ABŞ diplomatları arasındakı “soyuq savaş”ı xatırladan söz atışmasına münasibət bildirib. O deyib: “Baş verənlər - dövlət, diplomatiya prinsiplərinin pozulması, iki ölkə arasında ciddi qalmaqala yol aça bilən bir hadisədir. Strateji, iqtisadi və siyasi müttəfiqimiz olan Birləşmiş Ştatlarla “soyuq müharibə” dövrünü xatırladan ritorikanın hakim olduğu söz güləşməsindən ciddi narahatlıq keçiririk və münasibətlərin mümkün qədər tez bir zamanda normal məcraya düşməsini vacib hesab edirik. Azərbaycan rəsmilərini ölkənin beynəlxalq öhdəliklərinə qarşı diqqətli davranmağa, hakimiyyət maraqlarına görə dövlətin mənafelərinə zərər vurmamağa çağırırıq” 

Printer »»»