Dəyişən siyasət yox, həmsədrdir

18.09.2013

Həsrət Rüstəmov: “Münaqişənin dinc yolla həlli yalnız Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarını könüllü tərk etməsindən ibarətdir” Ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Qarabağ problemi bir qədər arxa plana ötürülsə də, bu məsələ ara-sıra müzakirə mövzusu olur. Problem hətta ölkə xaricində də hərdənbir yada düşür. Problemin 20 ildən artıqdır ki, uzandığını nəzərə alsaq, şübhəsiz ki, münaqişənin həllinin yada salınmasının yalnız siyasi maraqlardan doğulduğunu qeyd edə bilərik. Maraqlıdır ki, səssizliyin hökm sürdüyü hazırkı vaxtda ABŞ prezidenti Barak Obama Qarabağ münaqişəsinin uzanmasından, həllinin getdikcə düyünə düşməsindən narahatlığını bildirərək, ATƏT-in Minsk Qrupunun həmsədrlərini fəallaşmağa çağırıb.
Başqa bir maraqlı məqam ondan ibarətdir ki, fəallığa çağırış ərəfəsində Birləşmiş Ştatlardan olan həmsədr Ceyms Uorlik Dağlıq Qarabağa səfəri zamanı ermənilərin zəbt etdiyi Azərbaycan torpaqlarının bu hissəsini ölkə adlandırıb. Bəs həmsədrlərin dəyişməsi nəyisə dəyişirmi?
 Politoloq Həsrət Rüstəmov hesab edir ki, ATƏT-in Minsk Qrupu beynəlxalq praktikada ilk dəfə münaqişələrlə məşğul olan məhdud səlahiyyətli bir qurumdur. Və artıq neçə illərdir fəaliyyət göstərdiyinə baxmayaraq, münaqişənin həlli ilə bağlı heç bir müsbət irəliləyişə nail olmayıb. Müsbət nəticələrlə əlaqədar deyilənlər isə diplomatik söz güləşməsindən başqa bir şey deyil: “Fakt bundan ibarətdir ki, Qarabağ münaqişəsi ilə bağlı nə ATƏT, nə bu təşkilata üzv olan ölkələr, nə də Minsk Qrupuna həmsədrlik edən dövlətlər tərəfindən təcavüzkara heç bir təzyiq göstərilmir. Ümumiyyətlə münaqişənin həlli, yumşaq desək, təcavüzkarın ən azı təcavüzdən əl çəkməsinə gətirib çıxaran beynəlxalq təzyiqdən ibarət olmalıdır. Təəssüf ki, biz bunu görmürük. Əvəzində isə münaqişənin getdikcə konservləşdirilməsini və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan tədricən qoparılmasını müşahidə edirik”.
Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun mandatı çərçivəsində Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllinin mövcud olmadığını bildirən Həsrət bəyin fikrincə, münaqişənin hüquqi baxımdan həlli yalnız BMT Təhlükəsizlik Şurasına çıxarılmasından və eyni zamanda təcavüzkar Ermənistanın cəzalandırılmasından sonra mümkündür. Məsələnin dinc yolla həllinə gəldikdə isə bu halda erməni tərəfi işğal etdiyi ərazilərdən könüllü şəkildə çıxmalıdır: “Yeni həmsədrə gəlincə, indiyə qədər çox həmsədr dəyişib. Onların hamısı da çox nüfuzlu diplomatlar olub. ABŞ-dan olan həmsədr də tanınmış və nüfuzlu adamdır. Amma bunlar heç nəyi dəyişmir. Kadrlar ən yaxşı halda prosesə hansısa çalar əlavə edə bilərlər. Məsələnin həllinə isə bunun heç bir aidiyyəti yoxdur”.
Sonda H.Rüstəmov Amerikadan olan həmsədrin Dağlıq Qarabağı ölkə kimi tanıması ilə bağlı informasiyalara da toxundu: “Əgər həmsədr doğrudan da o cür ifadə işlədibsə, bunun bilərəkdən deyildiyinə inanmıram. Çünki ABŞ hökumətinin öz dövlət siyasəti var. Və hansısa ayrı-ayrı hakimiyyət nümayəndələri dövlətin siyasətinin əleyhinə getməzlər. Məsələ bundadır ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağı ölkə kimi tanımır. Ən pis halda isə mübahisəli ərazi kimi qəbul edirlər. Ona görə də həmin dövlətin hansısa bir diplomatının sözügedən ifadəni işlətməsi sadəcə tərcümə xətasıdır. Yox, əgər belə deyilsə, onda Azərbaycan tərəfi rəsmi etirazını bildirməlidir”.   

Printer »»»