“AXCP və Müsavat mənə dəstək verməlidirlər”

20.09.2013

“Seçkilərə qatılmağımın bir səbəbi var. İş ondadır ki, bu gün Azərbaycan siyasətində iki fikir hakimdir: hakimiyyət deyir biz iqtidarda qalmalıyıq, çünki xalq bizi dəstəkləyir.  Radikal müxalifət kimi təqdim edilən müxalifət qüvvələri isə deyir ki, hakimiyyət dəyişilməli, radikal addımlar atılmalıdır". Bunu prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, şərq ölkələrində baş verən hadisələri, dünyada gedən demokratikləşmə prosesini nəzərə alaraq,  hakimiyyətlərin radikal üsulla dəyişməsindən imtina etmək lazımdır: "Odur ki, elə bir pozisiya ortaya qoymalıyıq ki, bu tədrici demokratiyaya kömək etsin. Bu baxımdan mən seçkidə iştirak edən tərəflərdən onunla fərqlənirəm ki, hakimiyyətə gələcəyim təqdirdə iqtidarı indiki hakimiyyətlə və müxalifətlə böləcəyəm.
Hakimiyyətin 40 faizini öz tərəfdarlarıma, 30 faizini radikal müxalifətə, 30 faizini isə indiki iqtidara həvalə edəcəyəm. Beləliklə də ölkədə tədrici keçidi həyata keçirəcək koalisiyon hökumət formalaşacaq. Eyni zamanda da, özüm udazacağım təqdirdə qarşı tərəfə koalisiya təklifi edəcəyəm, yəni qalib gələn tərəfə iş birliyi təklif edəcəyəm. Mənim ən mühüm vəzifəm bundan ibarətdir. Düşünürəm ki, siyasi dəyişilmələrin ölkənin və xalqın dağılmasına gətirib çıxmasının qarşısını almaq qədər vacib bir şey yoxdur. Bu gün dünyada ərəb inqilabı deyilən bir proses zamanı biz gördük ki, radikal dəyişikliklər cəmiyyətlərdə əlavə problemlər yaratdı. Təbii ki, Azərbaycan bu acı nəticəni nəzərə almaya bilməz”. 

O, həmçinin bildirib ki, namizədliyini Cəmil Həsənlinin xeyrinə geri götürmək haqda düşünmür: “Bu an üçün namizədliyimi nə kiminsə xeyrinə geri götürmək istəyirəm, nə də kiminsə namizədliyini mənim xeyrinə geri götürməsi barədə düşünürəm. Amma deyə bilmərəm ki, sabah hansı vəziyyət olacaq. Çünki sabah mən seçkidən çəkilə, kiminsə xeyrinə namizədliyimdən imtina edə bilərəm, ola bilsin sona qədər gedərəm. Hər şey yaxın 10 gün ərzində baş verəcək hadisələrdən asılı olacaq. Şəxsən mənim üçün millət və dövlət maraqları şəxsi maraqlarımdan öndədir. Bu maraqlara uyğun da qərarımı verəcəyəm. Mən hesab etmirəm ki, insan millətinə və dövlətinə yalnız prezident kimi xidmət göstərə bilər. Prezident olmadan da, xalqına və millətinə vermək mümkündür”.

Cəlaloğlu deyib ki, seçkilərdə iştirak etmək istəyən namizədlərin bir-birilə əməkdaşlığı çox vacibdir: “Klassik seçki təcrübəsi göstərir ki, namizədlər bir-biri ilə əməkdaşlıq etməlidir, kontaktlar olmalıdır, rəqiblər küsülü olmamalıdır. Biz bir-birimizə alternativik, amma həm də bir məqsədimiz var: dövlət qalsın, möhkəmlənsin, apardığımız işlər dövlətə xidmət etsin, dövlət seçkilərdən ziyan çəkməsin. Hökmən kontaktda olmalıdır, əməkdaşlıq təcrübəsindən istifadə etməlidir. Məhz bu əməkdaşlıq təcrübəsi sonda kiminsə namizədliyini kiminsə xeyrinə geri çəkməsinə səbəb ola bilər. Mən düşünürəm ki, iqtidar tərəfindən namizədliyini irəli sürən şəxslərin bir çoxu İlham Əliyevin xeyrinə namizədliklərini geri çəkməlidirlər və bunu da edəcəklər də”.

Milli Şuranın vahid namizədindən danışan Sərdar Cəlaloğlu deyib ki, Cəmil Həsənlinin arxasında milli demokratik cəbhə-böyük bir güc dayanıb: “Amma mən hesab etmirəm ki, Cəmil Həsənli bu cəbhənin düzgün seçimidir. Cəmil Həsəni böyük alimdir, ona hörmətim var, xətrini çox istəyirəm. Amma, Cəmil müəllimin xarakteri prezidentliyə namizəd olmağa imkan vermir. Bu baxımdan əgər AXCP və Müsavat düzgün düşünsə, atdığımız addımların mahiyyətinə fikir versə, necəki buna qədər biz hər dəfə onlara yol açmışıq-Əbülfəz Elçibəyi və İsa Qəmbəri müdafiə etdiyimiz kimi, onlar da bizi müdafiə edə bilərlər. Çünki bunu deməyə mənim həm mənəvi haqqım var, həm də reallıq bundan ibarətdir. Düzdür, indi hamı öz namizədini tərifləyir. Amma mən şəxs olaraq bilirəm ki, dövlətə və millətə bağlılıq, habelə intellektuallıq, siyasi fəlsəfəni bilmək baxımından bəlkə də, mənə bərabər 1-2 namizəd var. Bu mənada onlar mənə dəstək verməlidirlər. Verməsələr də, öz işləridir”.

Printer »»»