Şeyx Allah Evi olan məscidlərdə müxalifətin iftar süfrəsi açmasına embarqo qoydu

12.01.2013

Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyxlüslam Allahşükür Paşazadə müxalif düşərgə təmsilçilərinə, onun himayəsi ilə deputat olan qardaşı C.Paşazadə isə media nümayəndələrinə müharibə elan edib. Belə ki, Şeyx Allah Evi olan məscidlərdə müxalifətin iftar süfrəsi açmasına embarqo qoyduğu kimi, qardaşı da peşə borcunu yerinə yetirən jurnalistlərə millət vəkili adına yaraşmayan ifadələrlə təhqirlər yağdırıb.Hər iki qardaşın adi jurnalist araşdırmasına bu qədər aqressivlik nümayiş etdirməsinin qaynağı bəlli. Jurnalistlər Almaniya səfərindən qayıdan Şeyx ailəsinin bir neçə maşınla daşınan yüklərinə “əl qoymuş” və iman sahibinin bavullarla (çantalarla) dolu material vurğunluğunu ictimaiyyətə aşkarlamışdır. Sanki bu ölkənin sakinləri hörmətli Şeyxin və onun yaxın çevrəsinin hansı sərvətə malik olması, hansı iqtisadi gəlir gətirən sahələri monopoliyada saxlaması barədə xəbərsizmiş. Sanki, Şeyximiz o qədər sadə, o qədər asketik həyat yaşıyırmış ki, çantalarla dolu yüklərin aşkarlanması onun pəhrizkar imicini zədələyəcəkmiş kimi qardaşı C.Paşazadə bundan narahat olub və jurnalistləri hədələməyə başlayıb.
Sən demə, jurnalistlər nəinki dölət görəvlilərinin, hətta Şeyxin də səfərləri, nə işlə məşğul olması ilə bağlı reportajlar hazırlamaq, onlara sual yönəltmək kimi doğal haqlarından məhrum edilibmiş. Onda gərək Qərb ölkələrinin jurnalistləri keşişlərin, kordinalların, yepiskopların, papaların adi fəaliyyyətinin işıqlandırıılmasından tutmuş, ta onların  dünyada qalmaqal yaradan cinsi pozğunluğuna qədər ortaya qoyduqları faktlara görə dama doldurulmuş olaydılar… Lakin o ölkələrdə belə hallar aşkarlananda kimisə suçlamırlar, əksinə əməlləri ifşa olunan keşiş tutduğu dini vəzifədən istefa verməklə canını qurtara bilmir və o, məhkəmə qarşısına çıxarılır.
İndi nə olmuşdur ki, jurnalistin Şeyxin gətirdiyi beş-on çanta yük barədə ictimaiyyətə xəbər verməsi onu və qardaşını bu qədər qəzəbləndirib?!
Təbii ki, məsələnin mənəvi-əxlaq tərəfi bizə başqa şeyləri anladır. Kim Şeyxə səlahiyyət vermişdir ki, məscidlərdə Allah rizasına verilən iftarlara qadağa qoysun? Necə olur ki,  məscidlərin qapısı xalqın qanını sormaq hesabına on bir ay qarın otarıb bir ay oruc iftarı verməklə özünü sığortalayan məmurların deyil, halal vəsaiti hesabına iftar süfrəsi açmaq istəyənlərin üzünə qapadılır…
Müsəlman ölkələrinin, xüsusilə də qardaş Türkiyənin təcrübəsində din başçıları, dövlət görəvliləri hər bir zəngini iftar verməyə, Müqəddəs Ramazanda varını kasıblarla bölməyə çağırdıqları halda, Şeyximiz nədən belə müsəlman əxlaqına zidd təşəbbüsdə bulundu? Bəhanələr gətirmək, guya iftar süfrəsindən müxalifətin təbliğat vasitəsi kimi yararlanması barədə cəfəngiyyatlar ortaya atmaq din başçısı adına yaraşmayan işlərdir.
Bütün bu hərəkətlər, yanaşmalar dinimizin də bir qrup şəxs tərəfindən moniopoliyaya götürülməsini və ali dini qurumun hakimiyyətin əlində bir vasitəyə çevrilməsini anlatmırmı?! Təbii, ölkənin prezidenti öz çıxışlarında bütöv xalqın deyil, bir qurpun təmsilçisi kimi danışırsa, öz polisini digər siyasi qüvvələri əzməyə səsləyirsə, ölkənin Şeyxi də bu yolu tutmalı və ölkə başçısı tərəfindən ona bəslənən “etimadı” doğrultmalıdır. Amma belə olması dini dəyərlərə qarşı sayqısızlıq olmaqla yanaşı, ümmətin arasında bölücülük kimi qorxulu tendensiyanın yaranmasına xidmət edir.
Şeyx xalqı əzən hakimiyyət siyasətinin deyil, xalqı hakimiyyət basqısından qoruyan, onun ümmət, millət haqlarını müdafiə edən siyasətin yanında yer almalıdır. Təəssüf ki, bu günə qədər millətimizə, ümmətimizə sitəm edən, adi vətəndaşların, dini inanc sahiblərinin haqqını əlindən alan hakimiyyət Şeyxdən nəinki heç bir təpki görməmiş, əksinə onun hakimiyyətə olan “mərhəmətindən” yararlanıb daha böyük aqressivlik nümayiş etdirmişdir.
Ölkəmizə qarşı sərin münasibətinə görə bəyənmədiyimiz İran ruhaniyyəti belə Azərbaycanda inanc sahiblərinin müdafiəsinə qalxdı, onların həbsdən azad olunması üçün ölkə rəhbərliyinə müraciət etdi, amma hörmətli Şeyximiz baş verənlərə, siyasi motivlərlə, dini əqidə bağlılığı ilə həbs edilənlərə heç vaxt  etirazını bildirmədi. Fikrimizcə, Şeyx bir ümmət görəvlisi olaraq daha tolerant olmalı və azad peşə sahibi olan jurnalistləri hədəfə alan təkəbbürlü qardaşını yerində oturtmalıdır.
Nurəddin İsmayıl

Printer »»»