ADP-İdarə Heyətində təşkilati məsələyə də baxılıb...

03.06.2013

Bu gün ADP sədri Sərdar Cəlaloğlunun sədrliyi ilə partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantının gündəliyində regionda və ölkədə baş verən ictimai-siyasi hadisələr, təşkilati və cari məsələlər olub.
İdarə Heyəti ilk öncə Türkiyənin İstanbul şəhərində "Gezi" parkının sökülməsinə etiraz əlaməti olaraq keçirilən kütləvi aksiyaların kütləvi ixtişaş səviyyəsinə qədər inkişaf etməsindən, bu ixtişaşların bütün ölkəyə yayılma riskindən narahatçılığını ifadə edib, bu hadisələrin bölgənin, o cümlədən Azərbaycanın da ictimai-siyasi həyatına mənfi təsir edə biləcəyini, Türkiyənin dünyadakı nüfuzuna, regionda oynadığı rola zərbə vuracağını nəzərə alaraq Türkiyənin dövlətçilik maraqları naminə Türkiyə xalqını və dövlətini uzlaşmaya çağırıb.

İdarə Heyəti Ermənistan parlamentinin deputatı Artaşes Geqamyan tərəfindən Rusiyadan 120 nəqliyyat təyyarəsi dolu hərbi texnikanın Ermənistana daşınması barədə verilən açıqlamaya münasibət bildirib. İdarə Heyəti hesab edib ki, Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsi ilk növbədə Ermənistanın suverenliyi üçün ciddi təhlükədir, eyni zamanda Gürcüstan və Azərbaycanı təhdid edir. İdarə Heyəti bu hadisələrdən dolayı ciddi narahatçılığını ifadə edərək, Azərbaycan dövlətindən Rusiyadan bu silahların hansı təyinatla Ermənistana daşınması barədə izahat tələb etməyə çağırıb.
İdarə Heyəti son vaxtlar istər ölkə, istərsə də beynəlxalq mətbuat orqanlarında Rusiyanın Azərbaycanda dövlət çevrilişi edəcəyi ilə bağlı yayılan məlumatlardan dolayı Azərbaycan dövlətindən bu informasiyalar əsasında ciddi tədqiqatlar apararaq xalqa məlumat verməyi və Rusiyadan bu məsələlərlə bağlı hesabat istənilməsini tələb edib. Eyni zamanda bu cür məlumatların ölkədə seçkiqabağı xof yaratmaq, cəmiyyətin siyasi aktivliyinin qarşısını almaq, qarşıdan gələn prezident seçkilərinin azad, bərabər və demokratik şəkildə keçirilməsinə əngəl ola biləcəyini nəzərə alaraq İdarə Heyəti xalqı ayıq-sayıq olmağa çağırıb.
İdarə Heyəti ölkə başçısı İlham Əliyevin Cümhuriyyətin 95 illiyi yubileyindəki çıxışında Dağlıq Qarabağ məsələsinə də toxunaraq “ərazi bütövlüyü məsələlərində Azərbaycan tərəfindən zərrə qədər güzəşt olmayacaq və ola da bilməz” açıqlamasına münasibət bildirib. İdarə Heyəti bu açıqlamanı Dağlıq Qarabağ məsələsində Azərbaycanın maraqlarına zidd açıqlama kimi dəyərləndirib, eyni zamanda hesab edib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycan dövləti ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərini rəhbər tutmalıdır.
İdarə Heyəti ötən həftə tanınmış vəkil Aslan İsmayılovun BMCQM-də döyülməsi, eks-DİN-i İsgəndər Həmidovun zorakı qaydada həbs olunaraq naməlum istiqamətə aparılması və orada təqib və təhdid olunması, keçmiş Baş Prokuror Əli Ömərovun telefon zəngləri ilə təhdid olunması, həbsdə olan siyasi məhbus REAL həmsədri İlqar Məmmədovun, siyasi motivlərlə həbs olunan Rəşad Ramazanovun, Taleh Bağırovun saxlama yerlərində işgəncələrə məruz qalması faktlarına bir daha diqqət çəkərək bu hadisələri ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının kobud şəkildə pozulması, insanların siyasi mənsubiyyətinə, azad fikrinə qarşı aparılan total repressiv kampaniyanın tərkib hissəsi kimi dəyərləndirib, belə bir situasiyada ölkədə azad və demokratik seçkilərin keçirilməsinin mümkünsüzlüyünü bir daha qeyd edib. İdarə Heyəti hakimiyyəti bu cür qeyri-qanuni, repressiv hərəkətlərdən çəkinməyə, bu qanunsuzluqları həyata keçirən vəzifəli şəxslər və dövlət orqanları barədə ölçü götürməyə çağırıb.

İdarə Heyətində təşkilati məsələyə də baxılıb. ADP sədri Sərdar Cəlaloğlu gənclərlə iş üzrə müavini Cəmil Hacızadəni gənclik yaş həddini keçməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edib.

Sonda cari məsələlərlə bağlı bir sıra məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.


Printer »»»