Dahilər haqqında!

23.05.2013
 “Məzarlıqda yeni ölən insanın meyitini yarıb elm öyrənirdi"

Kamillik məqamına yetmək nə qədər arzu edilən olsa da, kamillik sadəcə bir xəyaldır. Kütləvi şəkildə yetə biləcəyimiz ən ali məqam hər kəsin, sadəcə və sadəcə, öz həyatını öz gücü hesabına mənalandırması, ömür fürsəti deyilən imkanı, sözün mütləq mənasında insan kimi yaşamasıdır. Təəssüf ki, heç də hamı çətinliklərlə dolu olan bu yola könüllü qədəm qoymaq istəmir. Çünki insan psixologiyasının cansız nemətlərə, var-dövlətə hərislik kimi ayrılmaz bir tərkib hissəsi var və bu bəla ilə insanın özünün səyi olmadan mübarizə aparmaq mümkün deyil. Yuxarıda adını çəkdiyimiz ömür fürsətindən istifadə isə özlüyündə bir incə sənətdir. Bu fürsəti dəyərləndirmə hər dəqiqədən, hər saatdan, hər gündən faydalanmaq, hər ana, hər günə məna vermək bacarığıdır.
Bu, əqli və fiziki potensialı yalnız və yalnız faydalı, bəşəri təkamülə gərəkli əməllərə yönəltmək gücündə olan yaradıcı təfəkkür formalaşdırmaq bacarığıdır.
Və bu bacarıq yalnız dünyada qiyməti olmayan mövcudatları axtaranlara və ömrü insan qalaraq başa vuranlara nəsib olur.
Bir müdrik kəlamda deyilir ki: “Dirilər ölülərə heç nə öyrətmək iqtidarında olmasalar da, ölülər diriləri öyrətməyə həmişə qadirdirlər”. Həqiqətən də bəşəri sivilizasiyanın yeddi min illik tarixi bu qəbil nümunələrlə doludur. Bəşəri təkamülün, elmi-texniki tərəqqinin təməlində məhz bu ibtidai həqiqət dayanır. Kant, Hegel, Marks kimi qüdrətli filosoflar Sokrata, Platona, Biruniyə, Məsihiyə heç nə öyrətməyiblər, öyrədə bilməzdilər də. Amma Sokrat, Platon, Biruni, Məsihi bu qüdrətli filosoflara qədərki minlərlə filosofa, mütəfəkkirə, onların özlərinə də, onlardan sonrakı minlərlə alimə də “dərs deyiblər”. Bu pozulmaz qanuna tabe olmuş “öyrədənlər”dən biri də Avropanın “Avitsenna” kimi tanıdığı, əbədi sərgərdan olmuş dünya şöhrətli filosof, astronom, şair və böyük loğman Əbu Əli Hüseyn ibn-Abdulla ibn –Həsən ibn-Əli ibn-Sinadır.
Miladi təqvimi ilə 1980-ci ildə 1000 illiyi qeyd olunmuş bu dahi böyük türk və müsəlman dünyasının sözün əsl mənasında fəxridir. Onu müsəlman dünyasının fəxri adlandırmaqla böyük səhvə yol vermiş olsam da, bütün müsəlman mənbələri onun haqqında məhz belə qeyd edirlər. Əsl həqiqət isə ondan ibarətdir ki, hələ uşaqlığından “necə yəni insanların həyatını Allah idarə edir?”, “insanlar niyə ölür?”, “alın yazısını insana kim yazır?”, “necə olur ki, göydə tərpənməyən ulduzlar insanların həyatına təsir edir?” suallarına cavab axtaran balaca Hüseyn “Allah” kəlməsindən yazdıqları yandırılmasın, qorunsun deyə, namazdan isə kafir deyə damğalanmamaq və rahat elmlə məşğul olmaq üçün istifadə edirdi. 
Çünki, çoxsaylı mənbələrə nəzər salsanız, onun bütün ömrü boyu insanı əbədiyaşarlığa qovuşduracaq dərman axtarışında olduğunu görərsiniz. Sizcə, ölümsüzlük haqqında düşünən bir insan Allaha inana bilərmi? Onun astroloji fikrinə nəzər salın: “əgər bu ulduzlar işıq və istilik vermirsə, onlar nəyə lazımdır? Heç nəyə yaramayan bu cisimlər necə ola bilər ki, insanların həyatına təsir etsin?! Axı, ulduzlar, bürclər bütün insanlar üçün eyni vəziyyətdə olurlar? Əgər onlar eyni vəziyyətdə ola-ola insanların taleyinə təsir edə bilirsə, niyə eyni gündə doğulan körpənin biri ölür, biri qalır? Niyə onlardan biri varlı, biri kasıb, biri xoşbəxt, biri bədbəxt olur?” və bu dahi ömrünün sonuna qədər bürclərə və ulduzlar haqqındakı səfeh düşüncələrə inanmayıb və əsla bunun tədqiqi ilə məşğul olmayıb.
Hüseynin varlı ailədə dünyaya gəlməsi hələ uşaq yaşlarından Natili, Məsihi kimi alimlərdən dərs almasına və onların sayəsində Arximedin, Ptolomeyin, Evklidin, Aristotelin nəzəriyyələrini, onların bütün ixtiralarını, onların şərhini öyrənməsinə səbəb verib. Onun haqqında şagirdləri tərəfindən yazılan bütün xatirələrdə necə iti hafizəsi, heç kimə qismət olmayan həssaslığı, geniş və dərin mühakimə yürütmə və nəticə çıxarma qabiliyyəti və dərrakəsi haqqında məlumat verilir. Yayılan rəvayətlərdən birində deyilir: “Hüseyn çox ağıllı oğlan idi. Hələ uşaq ikən həssaslığı nəticəsində o, “tükü qırx hissəyə bölə bilirdi”. Bütün şagirdlər onun bu bacarığına təəccüblənirdilər. Bir dəfə onu sınamağı qət edirlər. Onlar Hüseynin həmişə əyləşdiyi xalçanın altına bir vərəq qoyurlar. Hüseyn, daha sonra müəllim gəlir. Hüseyn özünü qəribə aparmağa başlayır. Gah başını tavana qaldırır, gah da aşağı əyirdi. Nəhayət, təəccüblə dedi: “Bilmirəm, ya məktəbimizdə tavan bir qədər aşağı enib, ya da döşəmə azca yuxarı qalxıb. Hər halda divarların hündürlüyü dəyişib”.
Məsihini tanıdıqdan və onun məsləhətlərini dinlədikdən sonra həkim olmağı qərara almış Hüseynin daxili xəstəliklərin müalicəsində digər həmkarlarını qat-qat üstələməsinin səbəblərindən biri onun həddindən artıq həssas və çox bilikli olmasıydısa, ikinci səbəbi Kəmari idi. Kəmariyə qədər də 23 yaşlı Hüseyn minlərlə xəstəliyin müalicəsi üsulunu tapmışdı və minlərlə insanı müalicə edib, sağaldırdı. Nəhayət, onun şan-şöhrətinin sədası bütün ömrünü daxili xəstəlikləri araşdırmaqla keçirən, lakin insanın daxili orqanlarını görmədiyindən və praktiki biliyi olmadığından heç bir nəticə əldə etməyən, yaşlı və təcrübəli Kəmarinin də qulağına çatdı. 
O vaxtlar meyitlərin yarılması qadağan olunurdu və kimsə buna cəhd edərdisə, onlar edam olunardılar. Lakin Kəmari artıq bu işə düşünmədən gedəcək adamı tapmışdı. Hüseyn düşünmədən bu təklifi qəbul etdi. Onlar hər gecə qəbristanlığın yanındakı komaya gəlirdilər. Kəmari qəbristanın keşikçisinə pul verirdi, keşikçi isə əvəzində onlara təzə ölmüş insan cəsədləri verirdi. Hüseyn və Kəmari səhərədək meyidi yarır, onun bütün orqanlarının formasını öyrənir, nədən öldüyünü müəyyənləşdirir və yenidən basdırırdılar. Bu minvalla onlar uzun müddət işlədilər və bu təcrübə Hüseynin elm, hər şeyin başvermə səbəbi və ölümsüzlük axtarışlarının sürətlənməsinə təkan verdi.
Lakin həkimlik əsla onun həyatının əsas qayəsi olmadı. 
O bütün elmlərin mütaliəsi və tədqiqi ilə məşğul olurdu. Metafizika, riyaziyyat, astronomiya, fəlsəfə, qanunçuluq (hüquq) və s. O, beş cildli “Təbabət elminin qanunları”, beş cildli “Həkimlik elminin qanunu”, əsla tapılmayan sadəcə mənbələrdə adı çəkilən iyirmi cildli “Ədalətlilik kitabı” ( kitab Sultan Məsud Əlaüddövlənin Qəznəyə hücumu zamanı alimin evindən oğurlanıb), üç cildli “Ərəblərin dili”, on cildli “Qanun”, “Ürcüzə”, “Danişnamə” (“Dərketmə kitabı”), “Məntiq üçün orta ixtisar kitabı”, “Qəlbin şəfa tapması kitabı”, “Qayıtma kitabı”, “Qızdırmalar haqqında”, “Düzgün yol haqqında kitab”, “Sancılar haqqında kitab”, “Külliyat”, “Ayığın oğlu Canlı” povestinin müəllifi olub. 
Ömrü sərgərdanlıqla keçən, dəfələrlə həbsə atılan bu dahi duymağa, düşünməyə, axtarıb mənanı və sirləri açmağa hesablanmış yolda əsla dayanmadı. Bildiklərini mübahisə edib, daha da dəqiqləşdirməyi, daha dolğun nəticələr çıxarmağı və qazandığı bilikləri yaymağı, insanlara elmlə və təbabətlə kömək göstərməyi böyük həvəslə edən böyük loğmanın həyatı Buxara ilə başlasa da, həqiqət və elm axtarışı onu daimi sürgünlərin ağuşuna atdı. O öz dövrünün ən mükəmməlləri olan Ərrak, Biruni, Məsihi, Kəmari, Xeyr Hümmarla mütəmadi olaraq yazışırdı. Hətta ilk əvvəl yerin sükunətdə olduğunu və digər səma cisimlərinin onun ətrafında hərəkət etdiyini iddia edən mütəfəkkir, Biruninin əsərini oxuduqdan və onun “ yer və bütün səma cisimləri hərəkətdədir və onlar günəş ətrafında hərəkət edirlər” ideyası haqqında etdiyi mülahizələrini dinlədikdən sonra bu mövzu ətrafında öz-özlüyündə çox düşünüb və bu nəticəylə razılaşıb.  
Onu mütəfəkkir və müəllim edən isə bildiklərini öyrətmək həvəsi idi. Onun məskunlaşdığı hər şəhərdə onlarla şagirdi olurdu. Ömrünün sonunadək yanında olan şagirdi isə Cüzcani idi. Cüzcani müəlliminin son anınadək onun yanında olmuşdu. Ömrü qaçaqaçlarda keçən bir alimin ölümünü izləmək nə qədər ağır olsa da, Cüzcani onu bir an belə tək qoymadı. Hüseyn nə atasının, nə anasının, nə də qardaşı Mahmudun necə öldüyünü bilməmişdi. O, bir ömür ailəsindən, doğmalarından uzaqda olsa da, elmin ona verdiyi sərgərdan həyata görə şikayət etmədən yazıb-yaratdı. Əfşandan başlayan məziyyətlərlə dolu ömür yolu Buxara, Gürgənc, Corcan, Dihistan, Rey, Həmədan, İsfahandan keçib Həmədan yolunda 1037-ci ildə tükəndi. Bəşəriyyət daha bir dahini itirdi.
İlk dəfə ibn-Sina viruslar- xəstəliklərin gözlə görünməyən, həm də təkcə suda deyil, hava da yaşayan törədiciləri haqqında hipoteza irəli sürüb. Bu hipotez onun ölümündən 800 il sonra Paster tərəfindən təsdiqlənib. İlk dəfə o, elmə nəbz haqqında təlimi gətirib, nəbzin müxtəlif formalarını müəyyənləşdirib. “Qanun” kitabında uşağın hərtərəfli tərbiyə edilməsi yollarını verib. İlk dəfə məhz bu böyük loğman miningit və sifilis, plevrit və mədə xorası kimi dəhşətli xəstəliklərin səbəblərini, əlamətlərini və müalicə üsullarını birinci olaraq təhlil edib. İlk dəfə həkim Sina taunu vəbadan ayırıb, cüzamı, sarılığı və Sibir xorasını təsvir edib. İbn Sina dünyada göz əzələlərinin quruluşunun formasını və mexanizmini verən ilk alimdir. O, heç vaxt təsəvvür etməzdi ki, onun “Qanun”u çox keçmədən dünyanın bir çox ölkələrində tibbin ensiklopediyasına çevriləcək.
Nəhayət, ömrü boyu “tibb insanları ölümsüzləşdirmək üçündür və mən ölməməliyəm” –deyərək ölümsüzlük dərmanı hazırlayan filosof-həkimin özü də təbiətin bu qanununa boyun əyir. Bu barədə məlumat verən Valeri Voskoboynikovun yazdığına görə, əslində böyük loğman bu dərmanı hazırlayıbmış. Yazıçı əsərdə böyük mütəfəkkirin ölümünü belə təsvir edir: “İbn Sina Cüzcaniyə deyir: “Əgər bu qırx şüşədəki dərmanların hamısını sənə dediyim sırayla mənə içirə bilsən, mən ölməyəcəyəm”. Şagird həyəcan içərisində ilk dərmanı götürdü. Sonra ikinci, üçüncü, dördüncü. O, hər şeyi müəlliminin öyrətdiyi kimi edirdi. Onuncu şüşəni götürdü, iyirminci, otuzuncu. Gücsüz qoca bədəni tədricən çiçəklənən cavan bədəninə çevrilirdi. Artıq o nəfəs alırdı, yanaqları allanmışdı....qırxıncı dərman qalırdı. Şagird bu qədər çevrilmədən elə heyrətlənmişdi ki, birdən qırxıncı dərman şüşəsi əlindən düşüb, sındı. Dərman dağıldı və torpağa hopdu. Bir neçə dəqiqədən sonra şagirdin qarşısında taqətdən düşmüş müəlliminin cansız cəsədi qalmışdı”.
Bəzi mənbələrdə isə əksinə, onun ölümü haqqında yazırlar ki, o son dəqiqələrində vəsiyyətnamə yazdırır. Var-dövlətinin kasıblara paylanmasını istəyir. Bu mənbələrin məlumata görə, loğman ömrünün sonunda ölüm gerçəyini qəbul edir və ölməzlik haqqında olan cavanlıq arzularını təbəssümlə xatırlayır. Düşünərək ölən beynindən qopan misralar isə bunlar olur:

Məkrdən, fırıldaqdan uzaq oldum, bilin mən,
Açdım düyünlərini səmanın mən, gülün mən,
Dünyada çox müdrikin sözlərini anladım,
Ancaq aça bilmədim sirrini ölümün mən!

D.Nuriyev 
Printer »»»