ABŞ səfiri müxalifətlə gizli görüşü qanunidirmi?

25.05.2013

ADP sədrinin müavini Taliyət Əliyev məsələyə aydınlıq gətirməyə çalışıb.

ABŞ səfirliyi bir sıra müxalifət partiyaları ilə qapalı görüş keçirib.
Görüşdə iştirak edən partiya nümayəndələri mətbuata açıqlama verməyəcəklərinə dair söz verdiklərini bildiriblər. Görüşdə Azərbaycan ictimaiyyətindən gizlin hansı məsələ danışıla bilər? Görüşə dəvət olunmayan partiyalardan biri də Azərbaycan Demokrat Partiyasıdır. Qeyd edək ki, ADP səfirlikdə keçirilən görüşlərdə həmişə iştirak edib.
ADP sədrinin müavini Taliyət Əliyev
"ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar fəaliyyətə başladığı dövrdən vaxtaşırı ölkənin siyasi partiyaları ilə bu tipli görüşlər keçirir. Yəni, bu görüş birinci hal deyil. Həm də görüş barədə mətbuata məlumatın verilməyəcəyi ilə bağlı verilən açıqlamalar da birinci hal deyil. Bundan əvvəllər də belə hallar olub. Əksər hallarda səfirlik bu görüşlərlə bağlı özü məlumat yayıb. Burada qeyri-adi heç nə yoxdur. Hər şey diplomatik normalar çərçivəsində baş verir. Orda iştirak edən bəzi siyasi partiya rəhbərlərinin "söz vermişik ki, açıqlama verməyək” deməsi ictimai rəydə müəyyən şübhələr yaradır. Ona görə hesab edirəm ki, kimsə diplomatik etiket normalarına riayət edirsə, bunu söz vermək kimi qələmə verməsi düzgün deyil.
O ki qaldı həmin görüşdə nələrin müzakirə olunması məsələsinə, hesab edirəm ki, orada gizli nəsə müzakirə olunmayıb. Bundan qabaqkı görüşlərin bir çoxunda ADP də iştirak edib. Məndə olan məlumatlara görə, bu görüşlərdə əsasən, ölkədə və regionda baş verən ictimai-siyasi hadisələr ətrafında fikir mübadiləsi aparılır. Bu da hər iki tərəf üçün faydalıdır”. 
ABŞ səfirliyinin müxalifət partiyaları ilə qapalı görüşlər keçirməsinin nə qədər qanuni olub-olmamasına qaldıqda isə, Taliyət Əliyev bildirib ki, bu görüşlər tam qanunidir. "Bu görüşlər tam qanunidir və normal qəbul etmək lazımdır. ABŞ səfiri diplomatik fəaliyyət haqqında beynəlxalq normalar və öz mandatı çərçivəsində addımlar atıb. Eyni zamanda həmin görüşdə iştirak edən Azərbaycanın siyasi partiyalarının bu addımı ölkə qanunlarına zidd deyil. Azərbaycan Respublikasının Siyasi Partiyalar Haqqında Qanununun 11-ci maddəsinə görə siyasi partiyaların birbaşa beynəlxalq əlaqələr saxlamaq hüququ var. Təəssüflər olsun ki, bu görüşlər hakimiyyət daxilində müəyyən narahatlıqlar və qıcıqlar yaradır. Bu da başadüşüləndir. Xain xoflu olar” – deyə Taliyət Əliyev bildirib.
Printer »»»