MNTK-nın sədri Bəhruz Məmmədov narahatçılığını ifadə edib...

20.05.2013

Bu gün ADP İdarə heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
İdarə heyəti ilk növbədə Türkiyənin baş naziri T.Ərdoğanın ABŞ-a səfəri və səfər zamanı digər məsələlərlə yanaşı Azərbaycan mövzusunun masaya oturulmasını təqdir edib və bunu Türkiyənin hər zaman olduğu kimi Azərbaycanın yanında olması, iki qardaş ölkənin bir çox beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etməsi faktı kimi dəyərləndirib.
İdarə heyəti Rusiyanın Suriyaya yeni tip raketlər göndərməsindən ciddi narahat olduğunu bildirib və bu faktın müvvəqəti olsa da Əsəd rejiminin ömrünün artmasına, bölgədə münaqişə vəziyyətinin daha da uzanmasına və bundan dolayı daha böyük insan qırğınlarına yol açmasını diqqətə çatdırıb və beynəlxalq ictimaiyyəti Suriyadakı hadisələrə son qoyulması üçün öz ölkə başçılarına ciddi təsir göstərməyə və sülhpərvər qüvvələri bu istiqamətdə birləşməyə çağırıb.
İdarə Heyəti Rusiyanın Ernmənistanda olan bazalara raketlər yerləşdirməsindən, yeni növ silahlarla təhcizatını davam etdirməsindən narahat olduğunu, bunu Cənubi Qafqazda sülhün və təhlükəsizliyin pozulmasına, Qarabağ probleminin həllində ciddi problemlər yaratmasına gətirib çıxaraçağını qeyd edib, Rusiyanın bu hərəkətlərinin arxasında onun təcavüzkar Ermənistanı açıq şəkildə hərbi, siyasi, iqtisadi qaydada müdafiəyə qalxması kimi dəyərləndirib və bu davranışların Rusiyanın Minsk qrupundakı həmsədrlik missiyası ilə ziddiyyət təşkil etdiyini bir daha diqqətə çatdırıb.
İdarə Heyəti ATƏT-in Daimi Şurasının Vyanada keçirilən toplantısına və bu toplantıda Azərbaycanda insan hüquq və azadlıqlarının, demokratiyanın tələblərini pozulması ilə bağlı səslənən fikirlərə münasibət bildirilib. Qeyd olunub ki, bu toplantıda ölkəmizdə sərbəst toplaşma, söz, mətbuat, fikir azadlığı, bir sıra qanunlara edilən mürtəce əlavə və dəyişiklilər, məhkəmələrdəki dözülməz vəziyyət və insan hüquq və azadlıqlarının pozulması ilə bağlı tənqidi fikirlər tam reallığı əks etdirir və hakimiyyət bu tənqiddən lazımi nəticə çıxarmalı deyilən noqsanların aradan qaldırılması üçün gərəkən addımları atmalıdır.
İdarə heyəti bloqqer, siyasi fəal R.Ramazanovun narkotik maddə saxlamaq adı ilə həbs edilməsindən, AXCP-nın Ağdaş rayonunda keçirilən toplantısının polislər tərəfindən dağıdılması, onlara zor tətbiq edilməsi faktlarından ciddi narahat olduğunu bildirib və bunları hakimiyyətin seçki ərəfəsi əhalinin gözünü qorxutmaq, onların çeçki aktivliyini aşağı salmaq cəhdi kimi dəyərləndirib, bu təzyiq və repressiyaların insan haqlarına basqı olduğunu diqqətə çatdırmaqla yazdığı əsərlərinə görə siyasi sifarişlə tutulan R.Ramazanovun azadlığa buraxılmasını tələb edib.
İdarə Heyəti son vaxtlar müxtəlif səbəblər üzündən əsgər ölümlərinin artmasından, onlarla əsgərimizin şəhid olmasınsdan narahat olduğunu bildirib və bu ölümlərin əsas səbəbibinin orduda olan nizamsızlıqdan, əsgər zabit münasibətlərinin hərbi qaydalara uyğun tənzimlənməməsi faktından qaynaqlandığını qeyd edib və hakimiyyəti ordudakı itkilərlə bağlı ictimaiyyətə açıqlama verməyi tələb edib.

İclasda müxalifətin birlik modelləri, xüsusilə də son vaxtlar mətbuatda daha çox adı hallanan Milli Şura ideyası ilə əlaqədar ətraflı müzakirə aparılıb. Müzakirənin yekunu olaraq ADP-nin müxalifətin sıx inteqrasiyasında maraqlı olduğu bir daha vurğulanıb. Qeyd olunub ki, payızda keçirilməsi nəzərdə tutlan seçkilərdə vahid mövqedən və vahid namizədlə iştirakla bağlı müxalifətdaxili müzakirələrə, həmçinin Milli Şura ideyası ətrafında aparılan danışıqlara ADP həmişə olduğu kimi açıqdır. Milli maraqlara söykənən, ölkədə demokratiyaya keçidi təmin edəcək istənilən ideya və fəaliyyətin partiya maraqlarından üstün olduğu da bir daha diqqətə çatdırılıb. 

İdarə Heyətində partiyanın MNTK-nın sədri Bəhruz Məmmədov ADP sədri Sərdar Cəlaloğlunun mətbuata müxalifətin birliyi və partiyanın ictimai rəydəki mövqeyinə xələl gətirən açıqlamalar verməsi ilə əlaqədar narahatçılığını ifadə edib və “Xalq Qəzeti”nin “Müxalifətin builki prezident seçkilərində heç bir şansı yoxdur” başlıqlı 02.04.2013 tarixli müsahibəsində səslənən fikirlərin partiyanın ümumi maraqlarına cavab verməməsini qeyd edib. Məsələ ilə əlaqədar partiya sədri məlumat verib və İH üzvləri geniş fikir mübadiləsi aparıblar. Müzakirənin nəticəsində partiya adından mətbuata verilən açıqlama və müsahibələrdə korrekt olmağın vacibliyi qeyd olunub və ADP adından yayılan mətnlərin ictimai rəydə səhv anlaşılmaması üçün lazım olan addımların atılması qərarlaşdırılıb.

Printer »»»