KREMLDƏ QOCALIQ DELİRİYASI BAŞLAYIB?

20.04.2013


Q.Lebon deyirdi ki, millətlər də insan kimi doğulur, böyüyür, inkişaf edir, sonra qocalır və bir gün məhv olub gedirlər. Bu baxımdan böyük Rus xalqı, xüsusilə də onun siyasi mərkəzi olan Kreml deyəsən qocalıq günlərini yaşayır. Sözümün canı var. Bu günlərdə qəzetlər yenə həvəslə xəbər yaydılar: “Şuşada yaradılan erməni zabit məktəbinə Moskvada fəaliyyət göstərən talış gənclər mərkəzi talışları təhsil almağa dəvət edib.” Belə bir məktəbin və adıçəkilən gənclər təşkilatının həqiqətən də mövcud olub olmamasını bir tərəfə buraxaraq, Moskvanın Azərbaycanı narahat edə biləcək separatizm mövzusundakı son gəlişmələrində hamı üçün, o cümlədən talış millətindən olan soydaşlarımız üçün təəccüblü olan talış-erməni əməkdaşlığı halyüsinasiyasının yaradılmasına cəhdin üzərində dayanmağa çalışaq. Kreml hansı ağılla bu layihənin baş tutacağına inana bilib? Təəccüblüdür. Axı hamıya məlumdur ki, Azərbaycanda yaşayan xalqlarını bir-birinə bağlayan, o cümlədən yaşadıqları ərazinin aborigen əhalisi olan Talış xalqını yüz illərlə bu coğrafiyada yaşayan digər xalqlara bağlayan ən mühüm tellər – İslam dini və ənənələrdir.
Axı talışlar bir nəfər kimi islama inanır və ənənə məsələsində olduqca mühafizəkardırlar. Bəs Moskva erməni-talış (adam bu iki sözü yan-yana yazmağa da qıymır) əməkdaşlığı kimi inandırıcı olmayan, sabun köpüyünə bənzər separatist modelini təbliğ edərkən nəyə istinad edir? Moskvada doğurdanmı qocalıq deliriyası başlayır? Bu suallara cavab vermək çətindir. Görünən odur ki, bu məsələdə Kremldəkilər çox düşünməyə vaxt itirmək istəməyiblər və ya söhbət heç də hər hansı real separatism hərəkatının başladılmasından yox, təhdiddən, hədələməkdən gedir. Əgər belədirsə, onda bizə nə olub?! Moskva qəzetləri yazar-yazmaz bizim nəşrlər talışları ermənilərlə işbirliyində göstərməyə çalışmaqla nəyə nail olmaq istəyirlər. Əminəm ki, çoxları nə etdiklərinin fərqində deyillər, amma Moskvanın təhdid niyyəti versiyasını qəbul etsək bu cür informasiyaları yaymaq, məncə informasiya mənbəyinin ürəyincə olmalıdır. Moskavadakılar bilməyə bilər, onlar üçün Azərbaycanda yaşayan bütün xalqlar həddindən artıq kiçik və periferiyada yaşayan hansısa insan qruplarıdır. Biz isə hamımız bilirik ki, Talış xalqının övladları Azərbaycanın müstəqilliyi və bütövlüyü, o cümlədən demokratiya və insan hüquqları uğrunda gedən mübarizədə həmişə fəal olub, Qarabağ uğrundakı döyüşlərə, qəsbkar ermənilərə qarşı həvəslə və hünərlə gediblər. Mən bildiyimə görə Moskavada və Rusiyanın digər şəhərlərində yaşayan Azəri türk qardaşlarımız oradakı ermənilərlə normal, bəzən dostluq və biznes münasibətləri də qururlar. Bunda isə bir qəbahət görmək mümkün deyl. Amma tutaq ki, Talış xalqının övladı olan Türkiyə iş adamı Mübariz Mənsimov öz şirkətlərinə erməni milliyyətindən olan heç kimi qəbul etmir. Demək istəmirəm ki, bu yaxşıdır, yoxsa pis. Amma bu Talış xalqının tanınmış isimlərindən birinin erməniyə, onların işğalçı siyasətinə vermiş olduğu qiymətdir. Talış xalqı mehriban və eyni zamanda mübariz bir xalqdır. Onun övladlarından heç birini, heç nəyin müqabilində Azərbaycanda yaşayan digər xalqların və ümumiyyətlə ölkəmizin mənafe və maraqlarına qarşı olan bir layihədə iştiraka sövq etmək mümkün deyil. O başqa məsələdir ki, Kreml bir android çıxarıb onun adından hansısa bəyanatlar verə bilər. Bəs bizə nə gəlib? Biz niyə həyacanlanırıq? Axı biz bilirik ki, Azərbaycanda yaşayan bütün xalqlar bir yumruq kimidir, onları heç kim ayıra bilməz və ayırmağa cəhdi vətənə xəyanət kimi qiymətləndirməliyik. Moskvada kimsə çıxıb talışların adından danışırsa, bunu talış xalqının yox Kremlin mövqeyi kimi qəbul edib, bir kənara tullamaq lazımdır. Vəssalam. 

Həsrət Rüstəmov

Azərbaycan Demokrat Partiyası sədrinin 1-ci müavini,



Printer »»»